Ey Xaliq Bahadır!

Bir xalqsız xalq şairi, bundan sonra yüz il qala atılan dırnağı belə olmayacağı Xaliq Bahadırın keçən günlərdə xalqsız xalq yazıçısı Anar Rzayev haqqındakı yazısına qəzəblənib, həmən qələmə sarılıb, xeyli əsib-gurlayıb. Gurlayıb, amma yenə də yağa bilməyib.
Səbəbi çox sadədir: əgər sən həqiqətin yanında deyilsənsə, yazdıqların həqiqətin min ağac uzağından belə keçmirsə, nə qədər maraqlı yazırsan yaz, nə qədər bəzək-düzəkli cümlələr qur, çifayda. Dediyin hər söz havada qalar. Gülüş yaradar, ikrah doğurar.
Əslində mən heç indi o xalqsız xalq şairinin palaz boyda cızmaqarasına bu qədər əhəmiyyət də verməzdim, sadəcə, oturub düşünürəm: bunlar hələ də hansı üzlə özlərini müdafiə edirləri? Hansı üzlə hələ də çıxıb haqlı olduqlarına inandırmaq istəyir başqalarını? Haqlı olduqlarına inandırmaq istəyirlərsə, deməli, kimlərinsə bunların haqlı olduğuna inanacağını da düşünürlər. Maraqlıdır, hansı üzlə?
Indiyədək ədəbiyyat nə onun, nə də onun mənsub olduğu “Xruşşovka nəsli”nin faydasını görməyib. Tam tərsinə, ədəbiyyatdan istənilən qədər faydalanıblar. Özlərinə, övladlarına gün ağlayıblar. Sıfırın altındakı istedadları və intellektləri ilə hər şeyə sahibləniblər – təbii, yarınmaq, yaltaqlanmaq hesabına!
Heç vaxt vətəndaş mövqeləri olmadığına görədir ki, ordendən ordenə, medaldan medala, fəxri addan fəxri ada iri addımlarla irəliləyiblər.
Ictimai dərdlər, ağrılar yumşaq yerlərinə olmayıb. Xalqın arzuları, istəkləri onları zərrəcə maraqlandırmayıb. Ömürləri boyu sarayların mərhəmətinə və səxavətinə sığınıblar. Leksikonlarına “əqidə” sözü yaddır. Həyatları daima güclünün yanında keçib. Həmişə ələkçinin qılverəni olublar. Birinci katiblərin əl-üzünü yumaq, külqabısını boşaltmaq, ayaqqabısını silmək, aftafasını daşımaq üçün növbəyə durublar.
Zaman dəyişib. Bu dəfə də yıxılan prezidentə balta, onun yerinə gələnə isə əl çalmaq həyat kredolarına çevrilib. Bütün situasiyalara “uf” demədən uyğunlaşıblar – gecə yatağa “kommunist” kimi girib, səhər yuxudan “millətçi” kimi oyanmaq, evdən “ateist” kimi çıxıb “dindar” kimi qayıtmaq əllərində su içimi kimi bir şeydir.
Qarınları daim qafalarından öndədir.
Qələm həyat tərzləri deyil, çörək ağaclarıdır.
Yazıçılıqları məmurluqlarıdır.
Ən çox olduqları hərəkət formaları – əyilmək və sınmaqdır.
Ədəbiyyatda “Yaxşı padşahın nağılı”nı yazıb həyatda pis padşaha nökər-naiblik edəcək qədər saxta, riyakardırlar.
Bir dəfə də olsun, hakimiyyətdən uzanan əli geri çevirməzlər, imtina nədir, bilməzlər. Imtina etdikləri tək şey – ictimai maraqdır.
Əzilən, sümürülən, süründürülən, haqqı çeynənən xalq onlar üçün heç nə ifadə etmir. Amma sonra utanmadan “camaat artıq kitab oxumur” deyə şikayətlənəcək qədər gönüqalındırlar. Bunların ağlına görə, onlar yazdıqları bir-iki ortabab şeirin, hekayənin arxasına sığınıb ədəbiyyatla alver etməli, özlərinə, övladlarına yüksək karyera, komfort həyat qurmalı, xalq isə bunların kitablarını oxumalıdır, öləndə tabutlarını evlərindən Fəxri Xiyabanadək çiyinlərində daşımalı, hönkür-hönkür ağlamalı, yas tutmalıdır. Niyə? Xeyir ola? Siz buna layiq hansı əməlin sahibisiniz?
Nə vaxt xalqın dərdlərinə tərcüman oldunuz, nə vaxt qələminizi bu xalqın idealları, arzuları yolunda süngü etdiniz ki, indi də zərrəcə üzünüz qızarmadan, vicdanınız sızlamadan ondan özünüzə sevgi, sayğı gözləyirsiniz?
Latın Amerikasında, Avropada, uzaq Yaponiyada hər ot tayasının altından bunlar kimi yüzlərlə yazıçı-şair çıxar, amma bunlar özlərini matah mal kimi hələ də millətə sırımaqdadırlar.
Hələ də danışmağa dilləri var.
Hələ də ünvanlarına deyilənlərə cavab verəcək üzləri var.
Ədəbiyyatın da içinə etdilər, ziyalılığın da, amma hələ də haqlı olduqlarına inandırmaq istəyirlər insanları. Insanların onların haqlı olmasına inanmasını gözləyirlər utanmadan.
Mən bunları hər situasiyaya uyğunlaşan, hər prezidentinin dilini tapan, ikiüzlü, ikiüzlü də azdı, çoxüzlü bilirdim, ey Xaliq Bahadır, məgər bunlar nə qədər üzsüz imişlər!