Çevrilişçi generallar azadlıqda qaldı

Kənan Evren və Tahsin Şahinkayanın həbs tələbi qəbul olunmadı

Türkiyədə 1980-ci il hərbi çevrilişinə rəhbərlik edən 2 yüksək rütbəli şəxsin istintaq müddətində həbs olunması tələbini məhkəmə rədd edib. Məhkəmə Türkiyənin 7-ci prezidenti, general Kənan Evren və Hava Qüvvələrinin komandanı, general Tahsin Şahinkaya barəsində ölkəni tərk etməmək qərarını yetərli hesab edərək, onların həbs olunması tələbini qəbul etməyib. Ittiham olunan şəxslər – Kənan Evren və Tahsin Şahinkaya səhhətlərindəki problemlərlə əlaqədar məhkəmədə iştirak etməyiblər.
Istanbul Vəkillər Assosiasiyasının nümayəndəsi Ömər Kəbir bildirib ki, dünyanın heç bir yerində dövlət çevrilişində şübhəli bilinənlər həbs olunmadıqları müddətdə mühakimə olunmurlar. Kənan Evren və Tahsin Şahinkayanın ölkəni tərk etməyə icazələri olmasa da, Türkiyədə sərbəst hərəkət edə bilərlər.
Məhkəmə 1980-ci il qruplaşmasının üzvləri ilə pis davranılması və onlara əziyyət verilməsilə bağlı ittihamların araşdırılması üçün yeni istintaq və məhkəmə prosesinə icazə verib. Məhkəmə həmçinin üçüncü tərəfin prosesə cəlb olunmasına qərar verib. Bu isə Türkiyə Parlamenti, Nazirlər Kabineti və müxalif Cümhuriyyət Xalq Partiyasına da iştirak etməyə imkan verəcək. Məhkəmə aprelin 16-da üçüncü tərəfin cəlb edilməsilə bağlı əlavə addımlar atacaq. Növbəti məhkəmə iclası mayın 11-nə təyin edilib.
Xatırladaq ki, 94 yaşlı Evren və 86 yaşlı Şahinkaya çevrilişdə şübhəli bilinən qrupdan sağ qalan yeganə şəxslərdir. Kənan Evren insan hüquqlarının kütləvi şəkildə pozulması və siyasi azadlıqların məhdudlaşdırılması ilə nəticələnən 12 sentyabr 1980-ci il hərbi qruplaşmasına rəhbərlik edib. Onlar hərbi yolla Türkiyə Cümhuriyyəti parlamentinin buraxılmasına və hökuməti devirməyə cəhddə ittiham olunurlar və ömürlük həbs cəzasına məhkum edilə bilərlər.