Barak Obama: «ABŞ Iranın nüvə proqramını qəbul edə bilər»
Iranın nüvə proqram ətrafında yaranmış gərginlik davam edir. Tehran rejiminin geri addım atmaması və nüvə silahını yalnız dinc məqsədlər naminə istehsal etmək niyyətində olduğunu iddia etməsi ABŞ-ın bu ölkəyə daha bir şans tanımasına yol açıb.
ABŞ prezidenti Barak Obama bəyan edib ki, Tehran nüvə silahı istehsal etmək niyyətində olmadığını isbat edərsə, Vaşinqton Iranın nüvə proqramını qəbul edə bilər. Ağ ev rəhbəri bu mövqeyinin Iran rəsmilərinə çatdırılması üçün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla bu haqda söhbətləşib.
Bu arada, Fransanın xarici işlər naziri Alen Jüpe bildirib ki, Iranla “P5+1″ arasında aprelin 13-14-də keçirilməsi nəzərdə tutulan müzakirələr üçün ilk addımı Tehran rejimi atmalıdır. Fransalı nazir birtərəfli müzakirələrin aparılmasının tərəfdarı deyil.
Çin Xarici Işlər Nazirliyinin sözçüsü Honq Lei də bəyan edib ki, müzakirələrin keçiriləcəyi yer vaxt itirilmədən müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, danışıqların baş tutacağı məkan önəmli deyil, əsas məsələ tərəflər arasında dialoqun keçirilməsidir.
Sözçü Irana qarşı hərbi müdaxilə məsələsinə də toxunub. Çin rəsmisi bildirib ki, müharibə Iran xalqının iqtisadi vəziyyətinin pisləşməsinə və bədbəxtliyinə səbəb olmaqla yanaşı, bölgə üçün dağıdıcı müharibəyə də çevrilə bilər.