Misir Mərdanov, 20 min saxta diplomlununun “aşkar” edildiyini bəyan etdi və bildirdi ki, “günahkarlar” tezliklə tapılacaq.
Bu nə deməkdir?
Ilk növbədə, Yeni Azərbaycan Partiyası üçün ağır itkidir, bir neçə gündə 20 min üzvünü itirdi. Saxta diplomluların 1-ci “dalğası”ının əksəriyyəti müəllim olduğundan, hakim partiyaya səbr və dözüm arzulayırıq. Qalan versiyaların hamısı muştuluqla qarşılanmalıdır.
20 min yeni “iş” yeri boşaldı, orta məktəblərdə müəllim düzəlmək üçün rüşvət 3 min manatdan 8 min manatadəkdir ki, bu da az məbləğ deyil.
20 min saxta diplom üçün verilən pul da, 20 min iş yeri üçün verilən rüşvətə “xitam” verildi və üstündən “su içildi”.
Təhsil nazirinin günahkar axtarmasına(!), Azərbaycan ədəbi dilinin etik sərhədləri çərçivəsində münasibət bildirmək mümkün olmadığı üçün təhsilimizin qara tarixinə qısa baxışla kifayətlənək. Beləliklə…
Təhsilimizin romantik dövrü (1969-a qədər)
…1953-cü ildə instituta qəbul olunmuş atam deyirdi ki, ilk günlər qalmağa yerim olmadığına görə müəllimlərimdən biri məni zavod yataqxanasında qalan… qardaşının yanına yerləşdirdi. Rayonlardan gələn gənclər, ömründə birinci dəfə gəldikləri Bakıdan evə qəbul kağızları ilə qayıdırdılar. Bilik yeganə meyar idi. Imtahan zamanı ali məktəb müəllimləri, tanımadıqları(!), ilk dəfə gördükləri(!) gəncləri imtahana çəkir, o zamankı meyara, yəni biliyə əsasən qərar verirdilər.
Ali məktəbi bitirən istedadlı gəncləri Bakıda saxlamaq üçün bəzən qocaman alimlər əsl mücadilə verirdilər. Estafeti etibarlı əllərə vermək üçün onlar istənilən fədakarlığa hazır idilər, hətta bəzən ev növbələrindən imtina edirdilər, istedadlı gəncləri qanadları altına alırdılar. Beləcə 1969-cu ilə qədər təhsilimizə rüşvət bulaşmadı.
Təhsil bazarına xoş gəldiniz…
Heydər Əliyevin gəlişi ilə rüşvət bütün sahələri, o cümlədən təhsilimizi də vurdu, ali məktəblərə qəbul zamanı professorlar tədricən(!) “gizli siyahı” ilə gəlməyə başladılar. Bu siyahıda tapşırılmış abituriyentlərin adları, atalarının adı və bəzən də kimin adamı olduqları yazılırdı. Bir neçə ildən sonra hər ali məktəbə haqq qoyuldu, rektorlar isə həmin məbləği fakültələrin əhəmiyyətinə görə səpələyirdi.
Texnikumlara qəbul 2 mindən başlayırdı, ən bahalı institut fakültəsi isə, bildiyimə görə, 40 manat idi, hər bir ailənin cibinə görə seçim imkanı var idi. Mərkəzi hakimiyyət, yəni Moskva isə buna bilərəkdən göz yumurdu, yalnız həddən artıq ifratçılığa varılanda müdaxilə edirdi. Minlərlə gəncimiz təhsil almaq üçün respublikanı tərk edirdi. Beləcə ilk köçə də start verildi…
Təbii ki, hər tələbəyə görə rüşvət almaq mümkün deyildi, hər valideynin də övladını “oxutmaq” inkanı olmurdu. Bu da savadlı gənclərin xeyrinə olurdu, onların ali məktəblərə yolunu açırdı…
“Yaşıl” təhsil (mutant) dövrü ( 1994-dən bu günə qədər)
1989-1993-cü illər haqlı olaraq abituriyentlər üçün “qızıl dövr” idi, iyrənc stereotiplərə qarşı mübarizə aparılırdı. Lakin tam qələbə mümkün olmadı…
1993-cü ildə H.Əliyev hakimiyyətə və… təhsilə qaldığı yerdən başladı…
Yadınızdadırsa, 1994-cü ildə ali məktəb müəllimlərinin, o zamankı spiker Rəsul Quliyevlə görüşü keçirilirdi. Spiker onlara sovet dövrünü, daha dəqiq desək, Heydər Əliyev dönəmini xatırlatdı və o zaman necə yaşadıqlarını soruşdu. Qocaman alimlərin qırışığı açıldı, üzləri güldü – “əla yaşayırdıq, gözəl günlər idi” dedilər və tarixi bir cavab aldılar: “Gedin yaşayın, yaradın də, əvvəlki kimi, kimdir sizə mane olan!”.
Başladılar, nə başladılar. Hətta məmurlar da nəfsini tuta bilmədilər, bu bazara girişdilər… “Taksimotor” parklarını, sovet dövründən qalma anbar binalarını, yaşayış binalarının birinci mərtəbələrini(!) ali məktəblərə çevirib diplom üçün qəribsəyənlərin üzlərinə açdılar. Oxumadan belə diplom almaq(!) mümkün oldu.
Müstəqil dövlət, Moskvadan gələn müfəttiş yox, yəni “dərə xəlvət, tülkü bəy!”.
Belə bir təhsil sisteminin məstanə dalğası, Əli Həsənov və Əli Əhmədovu professor, Ramiz Mehdiyevi akademik, aqronomu siyasi elmlər doktoru, bədən tərbiyəsi müəllimini isə hüquq elmləri doktoru yapdı.
Cahilləşmiş insanların fonunda, ağıllı görünmək istəyən cənablar! Heç olmasa, saxta diplomlu ginekoloq kişiləri yığışdırın, ayıbdır…

“Yaşıl təhsil” bazarının arxa girişi
•