Türkiyə Suriyaya qoşun yeridə bilər

Çünki Bəşər Əsədin əsgərləri Türkiyə ilə sərhəd bölgələrdə  hərbi əməliyyatlar keçirir

Suriyada gərginlik davam edir. Bəşər Əsəd rejiminin zorakılıqları dayandıracağı və atəşkəs elan edəcəyilə bağlı açıqlamalarına baxmayaraq, hökumət qüvvələri müxaliflərə qarşı hücumlarını dayandırmayıb. Ötən gün cümə namazından sonra ölkənin müxtəlif şəhərlərində keçirilən mitinqlər zamanı əsgərlər aksiya iştirakçılarını yenidən atəşə tutub. Dəməşq, Idlib, Həma, Homs kimi şəhərlərə əsgərlərin açdığı atəş nəticəsində azı 19 nəfər müxalifət tərəfdarının öldüyü, onlarla insanın yaralandığı bildirilir.
BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan da ölkədə vəziyyətin ağır olaraq qaldığını bildirib. Onun sözlərinə görə, Bəşər Əsədin əmrindəki əsgərlər əhalinin sıx olduğu yerlərdə əməliyyatları davam etdirir. Annan hər gün zorakılıq hallarının baş verdiyinə dair xəbərlər aldığını deyib. Xüsusi nümayəndə Əsəd rejiminin aprelin 12-də Suriya vaxtı ilə səhər saat 6-ya qədər ölkədə zorakılığa son qoyulacağıyla bağlı verdiyi vədlərə əməl etməli olduğunu söyləyib.
BMT-nin baş katibi Pan Gi Mun da Suriyada vəziyyətin getdikcə gərginləşdiyini deyib: “Zorakılıq bir neçə ay bundan əvvəl dayandırılmalı idi. Daha doğrusu, ümumiyyətlə, başlamamalı idi. Ən azı, ona görə ki, Suriya xalqı öz legitim tələbləri uğrunda mübarizəyə başlamışdı”.
BMT Təhlükəsizlik Şurasının növbəti iclasında Suriya rejiminə yeni bəyanat ünvanlanıb. Şuranın prezidenti Syuzan Rays bildirib ki, rejim aprelin 10-na kimi öz vədlərinə əməl etməli və ölkədə davam edən zorakılığa son qoymalıdır. Onun sözlərinə görə, tərəflər, əsasən də, Suriya iqtidarı əhaliyə humanitar yardım göstərilməsi üçün BMT ilə əməkdaşlıq etməlidir.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədin aldatma manevrlərindən istifadə etdiyini bildirib. Baş nazir deyib ki, Bəşər Əsədin “əsgərləri geri çəkdim, tankları geri çəkdim” kimi bəyanatlarını dəfələrlə eşidiblər və bu bəyanatların yalan çıxdığının dəfələrlə şahidi olublar. Çünki Əsəd indiyə qədər doğru danışmayıb, düzgün davranmayıb, bundan sonra da doğru-düzgün davranıb-davranmayacağı aprelin 10-na qədər atacağı addımlar nəticəsində bəlli olacaq.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriyadakı vəziyyətlə bağlı BMT-nin baş katibi Pan Gi Muna zəng vurub. Gecə saat 2-də baş tutan telefon danışığı zamanı Davudoğlu baş katibə Suriyanın Türkiyə ilə sərhəd bölgələrində  vertalyotların köməkliyilə hərbi əməliyyatlar keçirdiyi barədə məlumat verib. Dolaşan iddialara görə, Bəşər Əsədin bu addımı Türkiyənin Suriya ərazisinə qoşun yeritməsinə səbəb ola bilər.

Informasiya şöbəsi