Metropolitendəki ticarət obyektlərinə bu barədə rəsmi göstəriş verilib
Bakı Metropolitenin giriş-çıxış yerlərində olan ticarət obyektlərində İslam dininə dair atributların satışına qadağa qoyulub. Modern.az saytı xəbər verir ki, artıq bir neçə gündür Bakı Metropolitenin stansiyalarının ərazisindəki ticarət obyektlərində İslami atributların satışına icazə verilmir. Metro stansiyalarındakı ticarət obyektlərinin birində belə məhsullar satan satıcılar bildiriblər ki, bir neçə gün bundan əvvəl bu obyektlərə nəzarət edən vəzifəli şəxs onlara dükanda satışda olan bütün dini motivli malları yığışdırmağı tapşırıb. Əks təqdirdə ticarət yerinin bağlanacağı ilə hədələyiblər.
“Biz ondan səbəbini soruşdanda dedi ki, “yuxarılar” belə göstəriş verib. Hicab, təsbeh, qiblənamə, namaz təqvimi, Allah və Mühəmməd (ə) yazılan boşqablar, çərçivələr ümumiyyətlə İslam atributunu əks etdirən nə varsa, hər şey yığışdırılmalıdır”-deyə adının çəkilməsini istəməyən satıcılar deyiblər.
Məlumatı Bakı Metropoliteninin rəhbərliyi ilə dəqiqləşdirmək cəhdimiz baş tutmadı. Mövzunu diqqətdə saxlayacağıq