Keçən ilin sonlarında “Iqtidar müxalifət qəzetlərini çökdürmək üçün yeni qəzet açır” başlığı ilə bir məqalə oxumuşdum. Həmin yazı indi əlimin altında olmasa da, hələ də acısını unutmadığım bir məqalə idi. Orda deyilirdi ki, açılan yeni qəzet prezident seçkilərinə kimi tanınmış azad fikirli yazarları “tora salıb” qəzetinə (iqtidar qoruğuna) aparacaq. Məqalədə yazılanlar mənim üçün fantastika olsa da, mövzu çox kədərli idi. Amma təəssüf ki, yazılan kədərli xəbər fantastika olmadı, yeni qəzet açıldı və özünə, qələminə böyük dəyər verdiyimiz yazarlar 2Gündəlik Teleqraf”ın qapısını yazı yazmaq üçün yox, “nə qədər qonorar alacağam” fikri ilə döyməyə başladılar. Misal üçün, mən inanmıram ki, yazılarını böyük zövqlə oxuduğum istedadlı şair, dəyərli yazar Murad Köhnəqala “Gündəlik Teleqraf”ı sevdiyi üçün ora köçüb. Bildiyim qədər, Murad Köhnəqala “Azadlıq” qəzetindəki köşəsini də kefindən tərk edib “Yeni Müsavat”a getməmişdi. Sadəcə, “Yeni Müsavat” qəzeti yazarlara “Azadlıq”dan daha çox qonorar verir, deyəsən. Indi isə görünür, ən yüksək qonorar vermək estafetinə “Gündəlik Teleqraf” başçılıq edir. Hələ bəlkə, evsiz-eşiksiz olanlara, kirayədə qalanlara 2013-cü ilin sentyabrında təhvil veriləcək “Jurnalistlər Evi”ndən mənzil də vəd olunub. Siyahı çoxdan hazırdı. Amma baxır kim orda sentyabra kimi qalacaq, üstündən qara xətt çəkilməyəcək. Yəqin ki, həmin siyahıya Murad Köhnəqalanın da adı salınıb. Və əgər Murad bəy “Gündəlik Teleqraf”da davamlı olaraq “Şəklini mənə göndər” yazsa, sözsüz, ona da 16 mərtəbəli, iki bloklu, tam təmir olunmuş, 146 jurnalist ailəsi (bəzi mənbələrdə 156 yazılıb) üçün nəzərdə tutulan binadan mənzil veriləcək. Amma bəd proqnoz olmasın, ürəyimə damıb ki, Murad Köhnəqala təzə mətbəxində bir stəkan çay içməmiş “Jurnalistlər Evi”nin damından özünü yerə atıb, intihar edəcək. Çünki ruhunun əleyhinə gedən SÖZ adamı bir gün də sınıq ruhla yaşaya bilməz. Murad Köhnəqala indi də intihar edər, amma ailəsinin xətrinə canını dişinə tutub yaşayır. Sentyabra kimi birtəhər yaşamalıdı. Amma nə qədər ağır olsa da böyük hüznlə bildirmək istəyirəm ki, köhnə oxucular üçün dəyərli yazar Murad Köhnəqala martın 13-ü vəfat etdi. Unudulmaz yazarın oxucularına dediyi son söz “Sınma!” (“Yeni Müsavat” 27.02.12) oldu. Yazarı cismən məhv etmək o qədər də faciəvi deyil. Çünki özündən sonra ailəsinə, onu sevənlərə təmiz ad-san, SINMAyan söz xəzinəsi qoyub gedir. Doğrudur, indiki xanımlar şair, yazıçı, jurnalist ərlərinə qəhrəmanlığı xəyallarında da canlandırmağa imkan vermirlər. Ər xəyalən meydana atılan kimi arvad dəsmal götürüb ağlayır, yazar da “döyüşdən” təcili geri qayıdır. Bu məmləkətdə qələm əhlinin sağikən ruhunu öldürmək, onları qonorarla, mükafatla susdurmaq çox asanlaşıb: dildən iti, vicdandan qıt olan biri hakimiyyətlə gizli danışıqlara gedir, 5-10 yazarın başını yonca-samanla qatır, özü isə geniş ofis, xarici maşın, qəşəng katibə əldə edir. Yazar “ovuna” çıxan sahibkar redaktorların jurnalsitləri şərləyən, öldürən canilərdən, yataq otaqlarına kamera qoyduran ədəbsizlərdən heç bir fərqi yoxdur. Jurnalist sözün düzünü yazmaqdan qorxdusa və ya ona həqiqəti yazmağı qadağan etdilərsə, demək, o artıq jurnalist deyil, “5″ almaq və ya evdə döyülməmək üçün inşa yazan bir şagirddi. Əlbəttə, ustadlıqdan şagirdliyə enən, peşəsizlərlə işləməyə məcbur olan peşəkarlar mənə deyə bilər ki, sənin nə vecinə, Araz aşığından, Kür topuğundandı, boğulan bizik. Amma sözümün səmimiliyinə inanın: əgər Araz qurşağımdan, Kür boğazımdan olsa da yenə də namərdlərdən kömək ummaram. Atalar demiş: ”Keçmə namərd körpüsündən, qoy aparsın sel səni. Yatma tülkü kölgəsində, qoy yesin aslan səni”.
Indi kiminsə sonadək SÖZə sadiq qalmasına, ona sədaqətlə, təmənnasız xidmət etməsinə artıq çoxu möcüzə kimi baxır. Bu yaxınlarda, tanınmış jurnalist Mirzə Xəzərin “Kulis.az” saytına verdiyi müsahibəsini oxudum. Saytın əməkdaşı Mirzə Xəzərə deyir: “Qəzet və sayt təsis etmişdiniz. Amma qəzeti çıxara bilmədiniz, sayt isə o qədər effektli fəaliyyət göstərmir”. Məgər hörmətli Ağa Cəfərli bilmir ki, Azərbaycanda yeni qəzet çıxartmaq üçün xalqın qanını soran oliqarxların qoltuğuna baş qoymalısan, “effektli” portala sahib olmaq üçün isə sayta çılpaq qadın-kişi şəkilləri, seksual mövzularda yazılar yerləşdirmək lazımdır… SÖZə xidmət edənlərın isə belə “bacarıq”ları olmur. Heç ona can da atmırlar. Çünki bilirlər, SÖZ təmizlik sevir, murdarlıq götürmür…
P.S. Yaxşı olar ki, Murad Köhnəqala köhnə oxucularını çaşdırmamaq üçün Murad Təzəqala olsun. Təzə “qalan” mübarək, qardaş!

Murad Köhnəqalanın təzə “qala”sı
•