Polis razılaşdırılmış mitinqin təşkilimə mane olur
Razılaşdırılmış mitinqə çağırış vərəqəsi yaydığı üçün həbs edilən AXCP Gənclər Komitəsinin üzvü Nihad Hüseynova Səbayel rayon məhkəməsimdə 15 sutka həbs cəzası verilib.
***
Aprelin 7-də Müsavat Gənclər Təşkilatının fəal üzvü Elnur Əsgərli polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə “musavat.com”a Müsavat GT-nın sədr müavini Səxavət Soltanlı məlumat verib.
Onun sözlərinə görə, polis gənc fəalı mitinqə çağrış vərəqələrini paylayarkən saxlayıb. E.Əsgərli 5-ci polis bölməsinə aparılıb.
***
8 Aprel mitinqinə çağırış vərəqələri yayarkən polisin həbs etdiyi gənclərin adları bəlli olub. AXCP-dən aldığımız xəbərə görə, bunlar Zülfüqar Quliyev (Binəqədi RPİ-nin 4 polis bölməsində saxlanır), Elçin Dəmirov (Nərimanov RPİ), Cəlal Qarayev (Xətai RPİ 36-cı polis bölməsi), Zaur Rzalı və Nihad Hüseynovdur. Sonuncu iki gənc hazırda mühakimə olunmaq üçün Səbayel rayon məhkəməsinə aparılır. Facebbok-da yayılan xəbərə görə, polis N.Hüseynovu guya içkili vəziyyətdə olub deyə şərləyib. Z.Rzalının nədə ittiham olunduğu bəlli deyil.
Xatırladaq ki, 8 Aprel mitinqi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış olduu üçün ona çağırış etmək qanunsuz deyil və məsuliyyət yaratmır.
***
Polis İctimai Palatanın aprelin 8-də keçirəcəyi razılaşdırılmış mitinqin təşkilinə mane olur. Belə ki, şəhərin müxtəlif yerlərində mitinqə çağırış vərəqələri paylayan şəxslər saxlanılaraq polis bölmələrinə aparılırlar.
Növbəti belə hal bu gün saat 12 radələrində metronun “Azadlıq Prospekti” stansiyası qarşısında baş verib. Binəqədi polisinin əməkdaşları 8 aprel mitinqinə çağırış vərəqələri yayan bir neçə nəfər gənci saxlayıb. Onların hansı bölməyə aparıldığı hələlik bilinmir.
Xatırladaq ki, aprelin 6-da mitinqə çağırış vərəqəsi paylayan daha bir nəfər – AXCP Gənclər komitəsinin üzvü Nihad Hüseynov saxlanaraq Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə aparılıb.