Azərbaycanlı deputatlar ermənilərdən üzr istəyib?

Avronest Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin rəhbərindən ilginc iddia

Avronest Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin rəhbəri Vahan Hovhannisyan Irəvanda keçirdiyi mətbuat konfrasında Ilham Əliyevlə görüşlərindən də danışıb. Vahan Hovhannisyanın sözlərinə görə, bu görüş zamanı bir nəfər də olsa informasiya vasitələri nümayəndəsi olmayıb.
“Və prezident Əliyev nə münaqişədən söz açıb, nə də, ümumiyyətlə, Dağlıq Qarabağ söz birləşməsini işlədib. Lakin sabahısı gün iclasın açılışında öz uzun-uzadı nitqində çox aqressiv, qəbuledilməz şəkildə anti-erməni ifadələr işlətdi”, – deyə Ermənistan nümayəndə heyətinin rəhbəri bildirib.
Vahan Hovhannisyan əlavə edib ki, Ilham Əliyevin çıxışında işlətdiyi ifadələr və vurğular bütün Avronest iştirakçılarını sarsıdıb: “Bu nitq Avronest iştirakçılarına çox pis təsir bağışladı. Onlar fasilə zamanı bizə yaxınlaşıb deyirdilər ki, belə şey gözləmirdilər, bu qəbuledilməzdir, bir sıra Azərbaycan deputatları da bizə yaxınlaşıb üzr istəyirdilər”(BBC).
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun bu fikirlərə cavabı gecikməyib. Modern.az-ın məlumatına görə, Elxan Süleymanov deyib: “Cənab Hovhanisyaının Azərbaycan Respublikasının Prezidentinin çıxışından sonra guya bizim milət vəkillərinin erməni deputatlarına yaxınlaşaraq üzr istəmələri ilə bağlı verdiyi ”məlumat” məndə təəssüf və təəccüb hissi doğurdu. Etiraf edim ki, bu Irəvandakı mətbuat konfransında səslənən yeganə qeyri-obyektiv fikir deyil”.
O, həmçinin bildirib ki, Ermənistan nümayəndə heyəti üzvlərinin Bakı sessiyası barədə müxtəlif mətbuat orqanlarında səsləndirdikləri qərəzli fikirlərlə bağlı Avronest Parlament Assambleyasına və Avropa parlamentinin rəhbərliyinə müraciət ediləcək.