Ehud Barak Benyamin Netanyahunun göstərişini heçə saydı
Israil hökumətində Fələstin torpaqlarında salınmış qanunsuz Hebron qəsəbəsiylə bağlı parçalanma yaranıb. Qəsəbənin salınmasını dəstəkləyən baş nazir Benyamin Netanyahu qanunsuz sakinlərin çıxarılmasına dair məhkəmə qərarını müvəqqəti təxirə salsa da, müdafiə naziri Ehud Barakın göstərişi ilə binalardan qanunsuz sakinlərin çıxarılmasına başlanılıb. Yüzlərlə polis tikililəri zəncirvari şəkildə əhatəyə alaraq, insanları könüllü şəkildə evləri tərk etməyə çağırıb. Yaxınlıqda olan sakinlər binada 70-ə yaxın qanunsuz sakinin yaşadığını desə də, binadan uşaqlar da daxil olmaqla 15 nəfər çıxarılıb. Sakinlərin əməliyyat zamanı müqavimət göstərmədiyi bildirilir.
Təl-Əvivin zəbt siyasətini dəstəkləyən yəhudilər baş nazirin çıxarılma əməliyyatına biganə qalmasını pisləyib. Ehud Barak məsələylə bağlı keçirdiyi iclasda, bundan sonra da qanunu ali tutmağa davam edəcəyini bildirib. Hələlik sakinlərin mənzilləri hansı yolla aldıqları açıqlanmasa da, onların ordunun icazəsi olmadan Qərb Sahilində məskunlaşması isə Israilin qanununu pozmuş olması dəqiqdir.
Qeyd edək ki, Hebron qəsəbəsində 850-yə yaxın yəhudi yaşayır. Qəsəbə sakinlərinin çoxu Israil məhkəməsinin bu yaxınlarda çıxardığı köçürülmə qərarının əleyhinə olaraq, bu torpaqların Tanrı tərəfindən yəhudilərə vəd olunduğunu iddia edir.