Dünən saytlarda “Azərsu”nun hüquq məsləhətçisi axtardığı barədə elan oxudum, yadıma Ramiz Mehdiyev düşdü. Görkəmli administrator-akademik keçənlərdə humanitar elmlərlə bağlı tənqidi yazısında Prezident Administrasiyasında işləmək üçün savadlı hüquqşünas tapa bilmədiklərindən şikayətlənmişdi. Sitat: “Bu, təhsilin səviyyəsindən xəbər verir”.
Oysa bu, yalnız ölkədə təhsilin səviyyəsi ilə bağlı problem deyil, bu, həm də baş ideoloqu, ağıl xocası Ramiz Mehdiyevin özünün olduğu Əliyevçi rejimin ədalətsiz idarəetməsinin məntiqi sonluğudur. Əgər siz bir ölkədə hüququ dəfn edərsinizsə, hüququ ayaqlarınız altında əzərsinizsə, qanunları tualet kağızına çevirərsinizsə, axırda günün günorta çağı əli çıraqlı hüquqşünas axtararsınız, tapa bilməzsiniz.
O biri tərəfdən də adam düşünür ki, Prezident Administrasiyasına, yaxud “Azərsu”ya hüquqşünas, qanunların dilindən anlayan biri axı nə üçün lazımdır? Guya bunların hansı işi qanunidir? Guya bunlar hansı qanuni iş görüblər indiyədək, ya da bundan sonra hansı qanuni iş görmək istəyirlər?
Lap tutaq ki, “Azərsu”ya doğrudan da hüquqşünas lazımdır, amma əgər o hüquqşünas özü bu saat hər əlində bir vedrə küçə-küçə düşüb su axtarırsa, onda necə olsun? Su axtarmaqdan onun vaxtı hardandır sizin elanı oxusun? Elanı oxusa belə, “Azərsu”ya necə gəlsin? Bəlkə həftələrdir heç çimə də bilmir. Bir gözü su kranında, o biri də göydədir – yağışı gözləyir.
Bu saat əksər azərbaycanlının evində vəziyyət bu cürdür: “Hamam suyu – damla-damla topladıq”. Hazırda Azərbaycanda su indi ancaq “Azərsu”nun adındadır.
“Azərsu” hüquqşünas axtarmaqda, “Azərsu”nun axtardığı hüquqşünas da su axtarmaqda olsun, biz Hacıbala Abutalıbovun işçisinin rüşvətə görə həbs edilməsindən danışaq. Baş Prokurorluq srağagün açıqladı, Bakı şəhər Icra Hakimiyyətinin Ticarət və Xidmət departamentinin əməkdaşı 300 manat rüşvət alarkən yaxalanıb. Vəssalam! Artıq Azərbaycanda korrupsiyanın kökünün kəsildiyini, rüşvətin tamamilə ləğv edildiyini əminliklə demək olar. Biz bilirik ki, Baş Prokurorluq təvazökarlıq edərək bunu açıqlamasının sonunda qeyd etməyib. Hətta biz onu da bilirik ki, baş prokuror keçən il söz verdiyi kimi, korrupsiya ilə mübarizəni özündən başlamışdır, hazırda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə özü barəsində cinayət işi açıb, 3 aylıq həbs-qətimkan tədbiri seçdirib, amma yenə də təvazökarlıq edərək bunu camaata açıqlamır. Ki, xalq Zakir Qaralovun bu yolla özünü reklam etdiyini, özündən qəhrəman düzəltiyini düşünər. Necə deyərlər, sən korrupsiya ilə mübarizəni özündən başla, xalq bilməsə də, xaliq bilər.
Gülməyin, bu, ironiya-zad deyil. Bu, sözün bitdiyi yerdir. Bu, baş verənlər qarşısında deməyə söz tapmamaqdır. Açıqlamaya baxın – “300 manat rüşvət alarkən yaxalanıb”. Əlbəttə, rüşvət məbləğindən asılı olmayaraq rüşvətdir, 3 manat da olsa, 300 manat da olsa, 3 milyard manat da olsa! Amma adamı o yandırır ki, bir il bundan əvvəl “Biz korrupsiyaya qarşı mübarizəni özümüzdən başlamalıyıq” deyən bir baş prokuror hələ bir dənə də iribuynuzlu məmura “gözün üstə qaşın var” deməyib, Ilham Əliyev və ailə üzvlərinin adı ilə bağlı şübhəli biznes işləri barədə yazılıb-pozulanlardan birini də araşdırmağa cəsarət etməyib, ancaq istəyir ki, gündə bir meşəbəyi, tibb bacısı, qatar bələdçisi həbs etməklə camaat bunların rüşvətxorluqla ciddi-ciddi mübarizə apardığına inansın.
Yeməzlər, cənablar, yeməzlər! Biz əslində çox yaxşı bilirik ki, Abutalıbovun işçisini rüşvət almağına görə yox, məhz 300 manat rüşvət almağına görə həbs etmisiniz. Bəli, onun nə haqqı var ki, rüşvəti bu qədər ucuzlaşdırsın? 300 manat da rüşvət olar? Rüşvəti belə hörmətsiz, urvatsız eləməyə kim icazə verib axı ona?
Rüşvəti ucuzlaşdıranları, rüşvətin adını batıranları, rüşvəti konfet kağızı ilə alanları bağışlamaq olmaz. Lənətləyirik!

Rüşvətin adını batırmaq
•
•