“Pencəyimi çiynimə atıb Xankəndinə gedərəm”

“In pace leones, in proelio cervi” – “dinc dövrün şirləri, müharibə zamanı ceyrana çevrilir”
(Qədim latın aforizmi)

…Başlığa çıxardığım sözlər isə, Heydər Əliyevə məxsusdur, təxminən 19-20 il qabaq söylənilib, Elçibəy hakimiyyəti illərində. O illərdə ki, dünya birliyinin Ter-Petrosyanla Əbülfəz Elçibəyi görüşdürmək cəhdləri, ikincinin “inadı” üzündən həmişə boşa çıxırdı. O zaman ermənilər ərazilərimizin təxminən 4-5 faizini işğal etmişdilər, müharibə Dağlıq Qarabağ ərazisində gedirdi. Hətta erməni ilə çiyin-çiyinə vuruşan ruslar belə, bu müharibədən bezmişdilər, o zamankı müdafiə naziri Qraçov, Qarabağda vuruşan və Moskva, Leninqrad və digər iri şəhərlərdən olan əsgərləri geri çağırırdı. Səbəb, övladlarını Qarabağda itirən əsgər analarının, demək olar, hər həftə Kremlə, Müdafiə Nazirliyinə yürüşlər etməsi idi.
Xalq isə qələbə əzmində idi. Təbii ki, bəzən qələbənin gecikməsini həzm edə bilmirdi, narazılıqlar vardı, çox həssas bir dövr idi.
Heydər Əliyev faktoru isə narazılıqların artmasında həlledici rol oynadı. Keçmiş SSRI respublikalarında birinci katiblərin hakimiyyətə qayıdışı da Heydər Əliyevə “işləyirdi”.
Qonşu Gürcüstanda keçmiş birinci katib Eduard Şevardnadze “Mxedroni” hərbi qruplaşmasının lideri Caba Iosilani ilə birləşərək Zviad Qamsaxurdiyanı devirmişdi, Litvada Brazauskas, Landsbergisin fatihəsini vermişdi. Orta Asiya respublikalarında isə kommunist birinci katiblər, prezident maskasında idilər.
Heydər Əliyev isə bu zaman Naxçıvan Ali Məclisinin sədri idi, MDB ilə hələ Mütəllibovun dövründə “əlaqəni” kəsmişdi.
Azərbaycan və Baltikyanı respublikalar öz ərazilərindən sovet ordusunu çıxarmış yeganə respublikalar idi. Buna baxmayaraq, Elçibəylə müqayisədə Heydər Əliyev MDB-yə qarşı daha aqressiv, daha radikal idi.  
Üstəlik, ermənilərin “girişə bilmədiyi” Naxçıvan var idi, müqayisələr, siyasi reveranslar, intriqanı qızışdırmaq üçün başqa nə lazım idi?
“Pencəyimi çiynimə atıb, Xankəndinə gedərəm” – o dövr üçün “çatışmayan” yeganə bəyanat idi. 18 il əvvəl qəzet manşetlərindən, YAP liderlərinin dilindən düşməyən bu şüar artıq “dövlət sirridir”, yerini “lazım gələrsə”yə verib.
18 ilin ən böyük zarafatı
Bəli, Azərbaycanın “Caba Ioselianisi” Surət Hüseynovun qiyamından maksimum yararlanan Heydər Əliyev hakimiyyətə gəldi və ayağının tozuyla MDB-yə üzv olmaq üçün ərizə yazdı (siyasi nifrət sevgiyə çevrildi). YAP ideoloqları bu “Siciliya müdafiəsini” açıqlamağa imkan tapmamış,  ərazilərimizin 18%-i işğal olundu, Bakıya məcburi köçkünlərin axını başladı. Hər şey o qədər “gözlənilməz” oldu ki…
…Əsl zarafatın özəlliyi ondan ibarətdir ki, deyilən zaman ciddi qəbul olunur. Bir müddətdən sonra, daha dəqiq, iş-işdən keçəndən sonra anlayırsan.
Bəli, bu məşhur bəyanat yazda söylənildi, onun zarafat olduğu payızda anlaşıldı. Zarafatzadələr (yəni zarafata qurban gedənlər, qaçqınlar – X.Ə.) əllərində kiçik bağlama (!) ilə Bakıya “gəldilər” və Heydər Əliyev onları qəbul etdi. Başqa cür də ola bilməzdi, zarafatın necə effekt verdiyini bilmək bu zarafatı edənin doğal haqqıdır, əlindən almaq olmaz. Salam-kəlamdan sonra ilk sual belə oldu – “Niyə doğma yurdunuzu qoyub qaçdınız, Bakıya gəldiniz?”(!).
Siyasi folklorumuzda olan ən böyük boşluqlardan biri, bir qarabağlı ağsaqqalın efirə getməyən cavabı ilə bax bu cür dolduruldu:
“Cənab prezident, sizdən bir xəbər çıxmadı, axı, ”gələcəyəm, demişdiniz…”.
Istər-istəməz mərhum Elçibəyin ANS-ə verdiyi o məşhur müsahibəsindəki “fağır prezident düşmüşdü əlinizə, hey döşəyirdiniz, indi niyə susursunuz, ay qırışmallar?” ifadəsi yada düşür…
…Hazırda ərazilərimizin qalan 75 faizini də tayfa hakimiyyəti işğal edib. Təkcə 2011-ci ildə Rusiya miqrasiya xidməti əməkdaşları 500 mindən çox soydaşımıza oxşar sualı verdilər:
“Niyə doğma yurdunuzu qoyub, Rusiyaya gəldiniz?”.
– Bir zarafatın qurbanı olduq, ceyranlara inandıq…
… Birisindən borc alan şəxslər, adətən, bir aydan sonra, bir ildən sonra qaytaracam deyirlər, yəni bu o deməkdir ki, bu müddət ərzində “zəhləmi tökmə”. Yox, əgər sənə “lazım gələrsə qaytaracam” deyirlərsə, bu o deməkdir ki, “vermirəm, gücün çatır gəl al”.
Bu isə, ən yeni Azərbaycan aforizmidir.