Əli Kərimli 8 aprel mitinqinin əhəmiyyətindən danışdı
“Milyonların azadlığa çıxması üçün ən azı on minlər bu prosesdə iştirak etməlidir”
AXCP sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Əli Kərimli aprelin 5-də “Media forum” saytının suallarını cavablandırıb.
– İctimai Palata aprelin 8-də 20-ci yaşayış sahəsində razılaşdırılmış mitinq keçirəcək. Bakı Şəhər İcra Hakimiyyəti neçə illərdir müxalifətə həmin yeri təklif edirdi, müxalifət isə razılaşmırdı. Mitinqlər ya təxirə salınır, ya da icazəsiz olurdu. Niyə 20-ci sahədə mitinq keçirməyə razılaşdınız?
– Təqribən yeddi illik fasilədən sonra Azərbaycanda ilk dəfə razılaşdırılmış mitinq keçiriləcək. Biz razılaşdırılmış mitinqin keçirilməsi üçün özümüz də müəyyən kompromislərə getdik. Bakı Şəhər İcra Hakimiyyəti mitinq üçün 20-ci sahədə yer ayırıb. Amma bu yer heç də müxalifətin mitinqi keçirmək üçün istədiyi və uyğun bildiyi meydanlardan deyil. Buna baxmayaraq biz qərara gəldik ki, razılaşdırılmış mitinqlərə başlayaq. Bunu onun üçün edirik ki, son illərdə artmış gərginliyi, narazılığı siyasi mübarizə istiqamətinə və xəttinə çevirə bilək. Əhalinin ən müxtəlif təbəqələri gündəlik rastlaşdıqları ədalətsizliklərdən narazıdır. Ölkədə, demək olar, hamının hüquqları pozulur. Heç kimin sabaha ümidi qalmayıb və hamı ümidsizlikdən şikayət edir. İnsanlar dövləti, onun qurumlarını özününkü hesab edə bilmir. Dövlət qurumlarını, xüsusən də hüquq mühafizə orqanlarını çox vaxt özlərinə təhlükə hesab edirlər. Əhalinin böyük bir hissəsi neft-qaz gəlirlərindən kənarda saxlanılır. Bu gəlirlərə yaxın düşə bilən insanlar da sabahlarından əmin deyillər. Onların var-dövləti zorla, inzibati yolla əllərindən alına bilər.
Bütün narazı insanların öz narazılıqlarını ifadə etmələri üçün bizə elə bir siyasi müstəvi lazımdır ki, yalnız ən cəsarətlilər deyil, narazı olan bütün vətəndaşlar öz mövqelərini ifadə edə bilsinlər. Sadə vətəndaşların öz narazılıqlarını ifadə edə bilmələri böyük əhəmiyyət kəsb edir. Razılaşdırılmış mitinqlər Azərbaycan cəmiyyətinə bu imkanı yaradacaq və narazı vətəndaşlar öz fikirlərini ifadə edə biləcəklər. Mən hesab edirəm ki, tədricən narazı insanlar mitinqlər və yürüşlərin öz etirazlarını bildirmək üçün ən yaxşı vasitə olduğunu dərk edəcəklər. Bura taksi sürücüləri, evi sökülənlər, işsiz, təhsilsiz gənclər daxildir. Hesab edirəm ki, biz tədricən buna nail olacağıq. Biz qarşıdakı mərhələdə Azərbaycan xalqını ona sövq edəcəyik ki, heç kim öz hüquqları uğrunda ayrı-ayrılıqda mübarizə aparmasın və bütün narazılar hamısı sivil, dinc formada öz mövqelərini sərbəst toplaşmaq hüququndan yararlanaraq ifadə eləsinlər. Hakimiyyət də görsün ki, onun siyasətindən kifayət qədər çox sayda insan narazıdır.
Hesab edirəm ki, biz 8 aprel mitinqinə kifayət qədər çox adam toplaya biləcəyik. Əvvəla, İctimai Palataya daxil olan partiyaların fəalları bu istiqamətdə çalışırlar. İkincisi, bütün vətəndaşlara müraciət olunacaq. Amma təbii ki, cəmiyyətdəki bütün narazı insanlar mitinqdə iştirak etməyəcəklər. Çünki hələ də bəzi insanlar mitinqlərin təhlükəsiz olacağına əmin deyil. Biz onları inandıra bilməmişik. Bəzi insanlar isə ümumiyyətlə bu prosesə qoşulmağa tərəddüd edirlər. Digərləri isə 20-ci sahəni mitinqlərin keçirilməsi üçün uyğun yer hesab eləmirlər və şəhərin mərkəzində yer istəyirlər. Onlara demək istəyirəm ki, o da olacaq. Biz kütləvi mübarizəmizdə doğrudan da israrlı olsaq, yorulmadan bu prosesdə iştirak etsək və mitinqlərə daha çox sayda insan qoşulsa, bu kütləvi mübarizə Azərbaycanı dəyişikliklərə yaxınlaşdıracaq.
– İctimai Palatanın 20-ci sahədə mitinq keçirməklə kompromisə getdiyini dediniz. Bu, birtərəfli güzəştdir, yoxsa hakimiyyət də hansısa məsələlərdə sizə güzəştə gedəcəyini çatdırıb?
– Ən əvvəl cəmiyyətdə aydınlığın olmasına ehtiyac var. İctimai Palata ilə hakimiyyət arasında hər hansı danışıqlar olmayıb və qarşılıqlı olaraq hər hansı kompromis də əldə edilməyib. Ortada hökumətin hər hansı vədi və kompromisi yoxdur. Bu, indiki mərhələdə daha çox bizim etdiyimiz kompromisdir. Amma bu, hökumətə edilən güzəşt deyil. Bu bizim yeni seçdiyimiz taktika ilə bağlıdır. Siyasətdə mübarizə vasitələri yüz illərdir ki, formalaşıb. Yeni mübarizə üsulları icad etmək çətindir. Amma zamana və şərtlərə görə bəzən bu və ya digər mübarizə vasitəsi istifadə olunur. Misal üçün, seçkilərdə iştirak etmək də, seçkiləri boykot etmək də mübarizə vasitəsidir. Biz təcrübəmizdə seçkilərdə iştirak etməklə demokratiyanın qələbəsinə nail olmağa cəhd etmişik. Məsələn, 2003 və 2005-ci illərdə. Bəzən isə seçkiləri boykot etməklə bu məqsədə yaxınlaşmağa çalışmışıq. Şərtlərə görə hansı vasitə daha ağlabatan olursa, onu da seçirik.
2011-ci ildə biz daha radikal bir xətti yoxladıq. Ərəb ölkələrindəki inqilablardan sonra insanlar bir qədər ruhlanmışdılar. Hesab olunurdu ki, Azərbaycan cəmiyyəti daha sərt mübarizəyə hazırdır. Əlbəttə, həmin dövrdə də müəyyən fikir ayrılığı vardı və hamı eyni mövqedə deyildi. Amma hər halda o zaman belə bir qərar qəbul olundu və biz İctimai Palata olaraq həmin prinsipial, cəsarətli mübarizə yolunu seçdik. Minlərlə insan bizim çağırışımıza qoşuldu, yüzlərlə adam inzibati məsuliyyətə və cinayət məsuliyyətinə cəlb olundu. Amma məlum oldu ki, bütövlükdə Azərbaycan cəmiyyəti geniş mənada belə sərt mübarizəyə hələ də hazır deyil. Demək olar ki, meydanda yalnız müxalifətçilər qalırlar. Amma digər narazı insanlar cəmiyyətdə əksəriyyət təşkil etsə də, onları bu tip mübarizəyə cəlb etmək hələlik mümkün olmur. Bu da bizim 2011-ci ildə əldə etdiyimiz təcrübələrdən biridir.
İndi isə yeni bir ideya yaranıb. Əksəriyyət hesab edir ki, bizim məqsədimiz xalq üçün və xalqla birgə mübarizə aparmaqdır. Biz başa düşürük ki, yalnız bir neçə min fədakar insan milyonların taleyini həll edə bilməz. Milyonların azadlığa çıxması və öz hüquqlarını reallaşdırması üçün ən azı on minlərlə, yüz minlərlə insan bu prosesdə iştirak etməlidir. Onu da başa düşürük ki, hamı çox sərt, xüsusi cəsarət, fədakarlıq istəyən mübarizəyə hazır deyil. Ona görə də biz əslində camaatımıza kompromisə getmişik. Bu kompromis bizim hökumətdən narazı olan və mübarizə aparmaq istəyən elektoratımıza olan güzəştimizdir. Əgər onlar İctimai Palatanın, müxalif partiyaların getdikləri yüksək sürətlə hərəkət edə bilmirlərsə, obrazlı desək, sürətimizi bir qədər azalda bilərik ki, əksəriyyətlə birlikdə addımlayaq. Bizim seçdiyimiz taktikanın məqsədi elə bir mübarizə forması tapmaqdır ki, burada daha çox adam iştirak edə bilsin. Daha geniş kütlələri bu işə qoşmağa çalışmaq lazımdır. Bunun üçün də elə vasitə tapılmalıdır ki, bu, on minləri, yüz minləri qorxutmasın. Həmin on minlərə, yüz minlərə, narazı insanlara güzəşt edərək bu yolu seçdik. Biz rejimə güzəştə getməmişik. Bizim rejimə olan münasibətimiz yerində qalır.
– Bu taktikanın davamlılığı insanların 8 aprel mitinqində hansı səviyyədə iştirak etməsindən asılı olacaq, yoxsa iştirakçıların sayından asılı olmayaraq İctimai Palata davamlı mitinqlər keçirəcək?
– Mitinqlərimiz davamlı olacaq. Mitinqlərdə ya çox, ya da lap çox adam iştirak edəcək. Aksiyalara az adamın gəlməsi variantı nəzərdə tutulmur. Ona görə də bizim mübarizəmiz davamlı olacaq. Ümumiyyətlə, Azərbaycan yeni bir mərhələyə başlayır. Bu mərhələdə biz mübarizənin artan xətlə gedəcəyini görəcəyik. Eyni zamanda bu mərhələdə xüsusilə gənclər rol alacaq.