Hesablama Palatası nazirləri “vurdu”

Heydər Əsədov ad çəkməyə cəsarət etmədi

Hesablama Palatası Milli Məclisə təqdim etdiyi 2011-ci ilin illik hesabatına dair rəsmi sənəddə bəzi dövlət qurumlarının rəhbərlərindən şikayət edib.
Modern.az-ın məlumatına görə, qurum Milli Məclisə təqdim etdiyi hesabat sənədində bildirib ki, bəzi nazirliklərin, komitələrin, baş idarələrin rəhbərləri tərəfindən Palatanın keçirdiyi nəzarət tədbirləri ilə aşkar olunan nöqsan və çatışmazlıqlara adekvat olan müvafiq tədbirlər, o cümlədən intizam tənbeh tədbirlərinin görülməsi təmin olunmayıb.
“Bu da son nəticədə dövlət başçısının dövlət vəsaitlərinin idarə olunması və istifadəsi  üzərində zəruri  maliyyə nəzarətinin daha da gücləndirilməsi barədə tapşırığının lazımi səviyyədə icra olunmasına mənfi təsir göstərir” – deyə sənəddə vurğulanıb.
Maraqlıdır ki, hesabatda konkret ad açıqlanmayıb. Görünür, Heydər Əsədov məmurlarla üz-üzə gələcəyindən ehtiyat edib. Bu baxımdan da ümumi tənqid xətti tutub.