Bir səfərin acı təəssüratı

Sergey Lavrov Bakıda Qarabağ probleminin niyə bu vaxta qədər həll olunmaması haqda gözəl bir çıxış yapıb. Anektoddur, deyilmi? O, bunun səbəbini bizdən soruşsaydı bunu ona gözəlcə izah edərdik!.. Bu haqda eşidəndə elə də   təəccüblənmədim, çünki mənim anlamımda Rusiya Faustdur və o, öz qəlbini çoxdan Mefistofelə satıb. Mən daha nə deyim? Bircə onu bilirəm ki, siyasət adamının əsəbləri dəmir kimi möhkəm olmalıdır. Bəli, ya əsəblərin də iradən kimi möhkəm olmalıdır, ya da bizim hakimiyyətdəkilər sayaq etinasız olmalısan ki, hər şeyi sakitcə, elə bir məsuliyyət hiss olmadan seyr edə biləsən. Mən o səfərin təfərrüatları haqda yazsaydım, bəlkə də daha yaxşı olardı. Amma bu təfərrüatlar mənə də məlum deyil. Düzdür, Lavrovun səfəri ərəfəsində buna böyük diplomatik və geosiyasi məzmun vermək cəhdləri də oldu, amma bu cəhdlər o qədər də inandırıcı görünmədi. Indi Rusiya çalışır ki, RLS-lə bağlı problem həll olunsun. Bilirsiniz, bu, geosiyasi xəstəlikdir, sindromdur. Biz bir çox hallarda bunu dərk etmək iqtidarında olmuruq, çünki vətəndaşlarını təmin etmək iqtidarında olmayan ölkə bütün vasitələrlə çalışır ki, başqa ölkə ərazisində mümkün qədər ucuz qiymətə hərbi baza saxlasın. Həmin bu RLS Rusiya üçün bir hərbi-texniki qurğu kimi elə də əhəmiyyət kəsb etmir, zira bunun onlar üçün siyasi əhəmiyyəti var.
Bir maraqlı detalı da qeyd edim. Bu günlərdə məlum oldu ki, Ermənistan bəyan edib ki, Azərbaycanla Rusiyanın danışıqları bir nəticə verməsə, o, öz ərazisini yeni RLS tikmək üçün Rusiyaya təklif edəcək. Ermənistanın baş naziri hətta öz ərazisinin bəzi üstünlüklərini də qeyd edib. Bunu məhz indi açıqlamaqda onların məqsədi Azərbaycana təsir etməkdir. Ermənistan bütün ərazisini Rusiyanın hərbi bazası elan etsə, buna təəccüblənməyin, çünki bu region xəstə regiondur, burada siyasətdən bir çox millətlər xəstələnib, cəmi ikicə sağlam millət var – azərbaycanlılar və bir də gürcülər! Inanmırsınızsa, özünüz diqqət edin. Iranda nə baş verir, onu hamınız bilirsiniz. Rusiya özünün xəstə iddialarından əl çəkmək istəmir və o biri ölkə – Ermənistan haqda isə danışmağa dəyməz, onlar işğal etdikləri bu əraziləri öz əllərində saxlamaq üçün Rusiyanın “bağırsaqlarında” mikrob və bakteriya olmağa belə, hazırdılar. Bir məsələni də qeyd edim. Qarşıdan Putin dövrü gəlir. Rusiyanın iddiaları artacaq və Ermənistanın da yarınmaq cəhdi çoxalacaq. Buna indidən hazır olmaq lazımdır. Amma güman etmirəm ki, bu, hansısa dramatik nəticələrə gətirib çıxarsın, çünki Azərbaycanın da itirməli bir şeyi qalmayıb, nə qədər mümkünsə, o qədər itirib. Indi qalır inad göstərib o itirilmişləri geri qaytarmaq. Alınacaqmı? Hər halda, ümidləri itirmək olmaz və axıra qədər çalışmaq lazımdır. Maraqlısı bilirsiniz nədir? Elə bu günlərdə A.Navalnıy ilə müsahibəni oxudum. V.Putinin bir nömrəli tənqidçisi rüşvətlə və korrupsiya ilə uğurlu mübarizənin nümunəsi kimi, tək Gürcüstanın adını çəkir.
Təsəvvür edirsinizmi? Rusiyanın rəsmi dairələri cəhd edirlər ki, gürcüləri öz cəmiyyətlərinə mənfi obraz kimi qəbul etdirsinlər, amma cəmiyyət həqiqəti bilir, o həqiqətin fərqindədir, Rusiya ictimaiyyətində hələ də gürcülərə qarşı simpatiya var. Bəs bizə necə?
Bizi sevirlərmi?
Güman etmirəm. Heç Rusiyanın özünü də dünyada sevmirlər, ondan qala ki biz olaq! Lakin çalışıb sevilən millətlərdən olmaq lazımdır. Mənim bir ölkəyə böyük simpatiyam var. Arzulamışam və indi də arzu edirəm ki, heç olmasa o ölkəni bir dəfə görüm. Bir dəfə elə alındı ki, dostlardan biri həmin o ölkəyə səfər etməli oldu. Qayıdan kimi dərhal özümü ona çatdırdım. Ilk sualım da o oldu ki, necədir? Dostum çox lakonik cavab verdi: seviləsi ölkə deyil! Indi o haqda çox düşünürəm, xüsusən də böyük mahnı festivalı ərəfəsində. Mənə bir sual rahatlıq vermir: Biz Azərbaycanı sevdirə biləcəyikmi? Alim dostum mənə bir epizod danışmışdı. Bir ingilis alimi əvvəlcə Gürcüstanda və sonra Azərbaycanda olur. Bizimkilər onu yaxşıca yedizdirir, içizdirir, gəzdirirlər. O isə gedəndə deyir ki, Gürcüstanda daha yaxşı işləyə bildim… Bu cür işlər də olur. Arabir gərək bu haqda da düşünək…