Qubad Ibadoğlu: «Neft gəlirlərinin qeyri-bərabər bölüşdürülməsi insanların belə düşünməsinə səbəb olub»
BMT-nin təşkilatçılığı ilə dünyanın xoşbəxt ölkələrinin yeni reytinqi – “Dünya xoşbəxtliyi haqda hesabat” açıqlanıb. Hesabatı Kolumbiya Universitetinin tanınmış iqtisadçıları Con Helliuel, Riçard Leyard və Cefri Saks hazırlayıblar. Onlar ölkə əhalisinin xoşbəxtliyini siyasi azadlıqların, əhalinin sosial müdafiəsi sisteminin, korrupsiyanın səviyyəsi meyarları üzrə müəyyənləşdiriblər.
Ümumilikdə 160-a yaxın ölkənin adı olan reytinq siyahısında 1-ci yeri Danimarka tutur. 2-ci yerdə Finlandiya, 3-cü yerdə Norveç gəlir. Sonrakı yerləri Niderland (4-cü yer), Kanada (5), Isveçrə (6), Isveç (7), Yeni Zelandiya (8), Avstraliya (9), Irlandiya (10) tutur. Qazaxıstan 59-cu, Belarus 62-ci, Kuba 69-cu, Moldova 75-ci, Rusiya 76-cı, Türkiyə 78-ci, Özbəkistan 79-cu, Iran 84-cü, Pakistan 85-ci, Ukrayna 91-ci, Hindistan 94-cü, Iraq 98-ci yerdədir. “Media forum” xəbər verir ki, siyahıda Azərbaycan 116-cı yeri tutur. Azərbaycanın adı Qırğızıstan (102), Latviya (106), Çin (112) və Tacikistandan (115) sonra, Ermənistan (122), Əfqanıstan (131) və Gürcüstandan (146) əvvəl gəlir. “Dünya xoşbəxtliyi haqqında hesabat”da sonuncu yerlərə Afrika ölkələri (Cənubi Afrika Respublikası, Benin və Toqo) düşüb.
Iqtisadçı Qubad Ibadoğlu hesab edir ki, Azərbaycanın bu yerdə qərarlaşmasına səbəb gəlir və sərvətlərin ədalətsiz, qeyri-bərabər bölgüsüdür: “Görünür, ölkədə neft gəlirlərinin artdığı şəraitdə onun bölüşdürülməsində müşahidə olunun qeyri-bərabərlik insanların belə düşünməsində əsas rol oynayıb. Eyni zamanda bu vəsaitlərdən bir qrupun daha çox bəhrələnməsi, ölkənin sərvətlərinin inhisarda olması da bu qənaətin yaranmasına səbəb olub. Bu, həm də onu deməyə əsas verir ki, hökumətin korrupsiya indeksi də çox yüksəkdir. Belə çıxır ki, həm yaxşı, həm də pis yaşayanlar korrupsiyadan əziyyət çəkirlər. Bu da son nəticədə onların özlərini xoşbəxt hiss etməsində ciddi problemlər yaradır”.