Türkiyədə keçmiş prezidentin məhkəməsi başladı

1980-ci il hərbi çevrilişinə rəhbərlik edən generallar məhkəmənin ilk iclasına qatılmayıb

Türkiyənin keçmiş prezidenti Kənan Evrenin məhkəməsi başlayıb. 94 yaşlı general 1980-ci ildəki hərbi çevrilişə görə məhkəmə qarşısına çıxarılıb. Çevrilişə rəhbərlik etməkdə günahlandırılan Kənan Evren o vaxt baş qərargah rəisi olub. Onunla yanaşı məhkəmə qarşısına çıxarılan ikinci general – 87 yaşlı Tahsin Şahinkaya isə həmin vaxt hərbi hava qüvvələrinin komandanı postunu tutub.
Hər iki general xəstə olduqlarına görə məhkəmənin ilk iclasında iştirak edə bilməyiblər. Prokurorluq isə bildirib ki, məhkəmədə hər iki general videobağlantı ilə ifadə verə bilərdi.
Məhkəmə prosesinə məhdud sayda media təmsilçisi buraxılıb. Xatırladaq ki, hərbi çevriliş 1980-ci il sentyabrın 12-də baş verib. Çevrilişdən sonra bütün siyasətçilər həbs olundu, onların bir çoxuna siyasətlə məşğul olmaq qadağan edildi. 50 nəfər edam olundu, yarım milyon insan həbs edildi.
Məhkəmə iclasının keçirildiyi binanın qarşısına toplaşanlar “Gün gəldi, onlardan hesab istənilir!” kimi şüarlar səsləndiriblər. Onların arasında çevriliş etməkdən imtina edən bir qrup hərbçi də olub. 1020 nəfər hərbçi çevrilişdə iştirakdan imtina etdiyinə görə o vaxt ordudan qovulmuşdu.
Kənan Evren ona qarşı irəli sürülmüş ittihamlara müxtəlif vaxtlarda cavab verib. Evren hərbi çevrilişə görə üzr istəməyib və istəmək fikrində də deyil. Keçmiş prezident bildirir ki, hərbi çevrilişdən sonra 50 adamın ölməsi ittihamını irəli sürənlər nədənsə nəzərə almırlar ki, çevriliş ərəfəsindəki xaos illərində təkcə küçələrdə solçularla sağçıların toqquşmalarında 5000 adam ölmüşdü.
Əlavə edək ki, 1983-1989-cu illərdə prezident olan Evreni indiyə qədər məhkəməyə cəlb etmək mümkün olmurdu. Çünki onun keçmiş prezident kimi toxunulmazlıq hüququ vardı. Ancaq Ərdoğan hökuməti konstitusiyaya dəyişiklik edərək, bu toxunulmazlığı götürdü. Baş nazir məhkəmədən bir gün əvvəlki açıqlamasında deyib ki, prosesi diqqətlə izləyəcək. Onun sözlərinə görə, Türkiyədə hərbi çevrilişlərdən ən çox zərər çəkən xalqın qanuni təmsilçisi kimi, hökumətlər olub.