İnsanov əfv ərizəsi yazmaq fikrində deyil

«Əli İnsanov heç vaxt əfv ərizəsi yazmaq fikrində olmayıb və indi də belə bir fikri yoxdur». Bunu sabiq Səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev deyib.  O, aprelin 5-də 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq nazirlə görüşüb. Həmin görüşdə Əli İnsanov əfv ərizəsi yazmayacağını bir daha xatırladıb.

Ona əfv ərizəsi yazmaq üçün təzyiqlər olunması barədə yayılan məlumatları isə vəkil təsdiqləməyib: «Mən 13 saylı cəzaçəkmə müəssisəsində onunla görüşdüm. Səhhətində hər hansı problem yoxdur, özünü yaxşı hiss edir. Ona hər hansı təzyiq olunması ilə bağlı mənə bir söz demədi» (“Azadlıq” radiosu).

***

Əli İnsanova təzyiq edilir

2005-ci ildən məhbəs həyatı yaşayan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı iki gündür psixoloji təzyiqlər başlayıb. Bu barədə pat.az saytı xəbər yayıb.

Saytın məlumatına görə, cəzaçəkmə müəssisəsində Əli İnsanovla bir neçə mülki şəxs söhbət edəndən sonra belə durum yaranıb. Ehtimal edilir ki, həmin şəxslər Əli İnsanovdan əfv ərizəsi yazmağı tələb ediblər. Amma Əli İnsanov yenə bundan imtina edib.

Xatırladaq ki, Novruz bayramından öncə də Əli İnsanovdan prezidentə müraciət edrək əfv olunmasını xahiş etməsi istənilmişdi. Həmin vaxt yayılan xəbərdə bildirilirdi ki, Əli İnsanov onunla görüşmək istəyən şəxslərlə söhbədən imtina edib. Mənbə bildirir ki, may ayının ilk günlərinə qədər yeni əfv ola bilər. Buna görə də hakimiyyət çalışır ki, vicdan məhbusları ilə yanaşı Əli İnsanov və Fərhad Əliyev də əfv ərizəsi yazsınlar.

Bu dəfəki növbədənkənar əfvin sırf “Eurovison” yarışmasına görə veriləcəyi, xaricdən ölkəmizə axışan tənqidçi jurnalist ordusunu neytrallaşdırmaq məqsədi daşıyacağı bildirilir.