aliyev-mammadyarov

Naziri İlham Əliyevi ifşa etdi

Məmmədyarovun Rusiyaya təşəkkürü ilə Almaniya Bundestaqının sənədi arasında hansı əlaqə var?

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yenə rəsmi Bakını ifşa etdi. Nazir rusiyalı həmkarı ilə brifinqdə belə də dedi: “Çox təəssüf ki, Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur, amma biz Rusiyaya öz təşəkkürümüzü bildiririk. Ümid edirik ki, münaqişə indiki status-kvo vəziyyətindən tərpənəcək”.
Məmmədyarovun Rusiyaya niyə təşəkkür etdiyi anlaşılmır. Daha doğrusu, məntiqli görünmür. Əgər heç bir irəliləyiş yoxdursa, o zaman Azərbaycanın baş diplomatı niyə Rusiyaya təşəkkür edir?
Məlumdur ki, rəsmi Bakı hazırkı status-kvonun saxlanması üçün uzun müddətdir mübarizə aparır. Bir çox hallarda isə münaqişənin həllinə dair addımlar lazım gələndə Moskvanın müharibə bəyanatlarını səsləndirir. O da aydın məsələdir ki, münaqişənin belə dondurulmuş vəziyyətdə qalması və ya aktivləşməsi Rusiyaya sərf edir. Birinci halda, Kreml özünü diplomatik açarın, ikincidə isə silah bazarının sahibi kimi hiss edir. Hazırda Ermənistanda və Azərbaycanda olan hakimiyyətlərin də bu məsələdə mövqeləri Kremllə uzlaşır. Çünki hər iki qüvvə hakimiyyətdə zorakı üsullarla qalıb və demokratik yumşalmaya getməmələrini hər an aktivləşə bilən hərbi vəziyyətlə əlaqələndirirlər. Azərbaycan hakimiyyəti bu məsələni qanuniləşdirmək üçün hətta Konstitusiyada saxta yolla dəyişiklik də edib.
Bütün bunları nəzərə alaraq, biz Məmmədyarovun təşəkkürünü belə şərh edirik: “Heç bir irəliləyişin olmasına imkan vermədiyiniz üçün təşəkkür edirik”.
Bu şərhimizi bir müddət əvvəl Almaniya Bundestaqının işçi qrupunun yaydığı sənəd də təsdiqləyir. Orada göstərilmişdi ki, real irəliləyiş üçün Rusiyaya çağırış edilməli və Avropa Ittifaqı Kremli yola gətirməlidir.
Görünən odur ki, Rusiyanın Qarabağ münaqişəsinin həllinə mane olduğunu bilən təkcə Azərbaycan hakimiyyəti deyil. Baxmayaraq ki, bundan sevinən və xoşbəxtlik yaşayan Azərbaycan hakimiyyətidir.

Seymur Həzi