Mərdanovun qəhrəmanlığı, yoxsa?..

Əlövsət Osmanlı: «Diqqətlə araşdırsaq görərik ki, «ağızdan çəkən» Mərdanov yox, Safaryandır»

Xəbər verdiyimiz kimi, dünən Avronest Parlament Assambleyası komitələrindən birinin iclasında erməni deputat Aram Safaryan Azərbaycanın təhsil naziri Misir Mərdanova “Doğrudurmu ki, sizin məktəblərinizdə və dərsliklərinizdə ermənilərə düşmənçilik, nifrət hissləri təbliğ olunur?” sualı ilə müraciət edib. Sualı cavablandırarkən Mərdanov belə fikir səsləndirib: “Mən bilmirəm sizin kitablarda nə yazılır, həmçinin siz də bilmirsiniz ki, bizim kitablarda nə yazılıb…”.
Nazirin bu fikrinə riyaziyyat üzrə fəlsəfə doktoru, ekspert Əlövsət Osmanlı münasibət bildirib. Onu oxucuların diqqətinə çatdırırıq.
“Məni təəccübləndirən yalnız nazirin bilməməzliyi deyil, həm də bu bihudə cavaba görə bəzi mətbuat orqanlarının onu az qala qəhrəman səviyyəsinə qaldırmasıdır. Hətta onlardan biri başlığa çıxarır ki, Misir Mərdanov Bakıda erməni deputatın ”ağzından çəkdi”. Diqqətlə araşdırsaq görərik ki, “ağızdan çəkən” Mərdanov yox, Safaryandır. Niyə? Çünki o, bizim dərsliklərimizdə nələrin olduğunu bilməsə, Avropalı parlamentarilər qarşısında bu sualı verməzdi. Bəyəm, Mərdanova aydın deyil ki, hiyləgərliklə verilən bu sual onu biabır eləmək üçün idi. Bunu anlamaqdan ötrü elə də böyük ağıl sahibi olmaq lazım deyil ki?! Mərdanov, müharibə şəraitində olduğumuz Ermənistanın dərsliklərində bizim haqqımızda nələrin yazıldığını bilmədiyini etiraf etmək bir yana qalsın, opponentinə şər də atır: “Siz də bilmirsiniz ki, bizim kitablarda nə yazılıb”. Indi ondan soruşmazlar ki, cənab nazir, sizin bu məsələni bilmədiyiniz məgər o anlama gəlir ki, ermənilər də bilmir? Bəs siz bunu da bilməyib nəyi bilməlisiniz? Nəyə görə müvafiq şöbəniz hər il bu haqda sizə lazımi arayış təqdim etmir? Bu şöbə nə vaxt tender oyunlarından, dərsliklərin əlaltı nəşriyyatlar arasında pay-puş edilməsindən əl çəkib bu cür vacib məsələlərlə məşğul olacaq?
Güman edirəm ki, mənim bu sualları verməyə mənəvi haqqım çatır. Çünki iki-üç il əvvəl nazirə ünvanladığım bir neçə məktubda ermənilərin dərsliklərinin, nə yolla olur-olsun, əldə olunmasına, onların təftiş edilməsinə diqqət çəkmişdim. Amma nə edə bilərəm ki, Mərdanov “bilməməzlik” mərəzinə tutulub. Görün, adamda bu mərəz nə həddə çatıb ki, o, “Informatika” dərsliklərinin müəllifi olduğunu mənim televiziyadakı məlum çıxışımdan sonra bilib. Elə isə o, ermənilərin dərsliyində bizim haqqımızda nələrin yazıldığını haradan biləcək?!”.

Ramin DEKO