Məhkəmə Əli Kərimlinin qohumunu azad etmədi

Prosesdə MTN əməkdaşları da iştirak ediblər

Bakı Apelyasiya Məhkəməsi “Texnikabank”ın Yasamal filialının müdir müavini, AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovu azadlığa buraxmaqdan imtina edib. Vəkil Əsabəli Mustafayev “Media forum”a bildirib ki, dünən Bakı Apelyasiya Məhkəməsində hakim Qayib Məmmədovun sədrliyi ilə Səbayel Rayon Məhkəməsinin E.Seyidov barəsində çıxardığı üç aylıq həbs-qətimkan qərarının ləğv olunması ilə bağlı verilmiş şikayətə baxılıb və məhkəmə şikayəti təmin etməyib.
Ə.Mustafayevin sözlərinə görə, prosesə E.Seyidovu da gətiriblər. Onu həbs edən və işin istintaqını aparan Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri də məhkəmədə iştirak ediblər: “Elnur Seyidov ağır xəstədir və 2007-ci ildən mütəmadi müalicə olunur. Onun müalicə olunduğu xəstəxanadan yeni arayış almışdıq, həmin arayışı məhkəməyə təqdim etdik. Arayışda Elnur Seyidovun daimi müalicə olunduğu, müalicə olunmazsa, səhhətində ciddi problemlərin yaranacağı, bunun ölümlə nəticələnə biləcəyi və həbsxanada saxlanmasının onun həyatı üçün təhlükəli olduğu yazılıb. Elnur Seyidov özü də dedi ki, həkimlərin dedikləri ilə razıdır və heç bir günahı yoxdur. Prokuror Tahir Əliyev isə bildirdi ki, Elnur Seyidov bu iş üzrə əsas təqsirləndirilən şəxslərdən biridir, ona görə də azadlığa buraxılsa, istintaqın gedişinə mane olacaq. Hakim prokurorun dedikləri ilə razılaşdı və Elnur Seyidov barəsində həbs qərarını qüvvədə saxladı. Məhkəmə ədalətsizlik etdi. Kifayət qədər sənəd təqdim etsək də, əsas olmasa da Elnur Seyidovu azadlığa buraxmadı”.

Həbsin ev dustaqlığı ilə əvəzlənməsi üçün müraciət olunacaq

Məhkəmə prosesində o da məlum olub ki, “Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyev hazırda həbsdədir: “Mən məhkəmədə dedim ki, Etibar Əliyev bu iş üzrə əsas təşkilatçı, təhrikçi və təqsirləndirilən şəxs sayılır. Amma mətbuatın yazdığına görə, onu azadlığa buraxıblar, MTN də bunu təkzib etməyib. Belə olan halda hansı əsas və məntiqlə Elnur Seyidovu həbsdə saxlayırsınız? Bu, qanunsuzdur.
Amma prokuror Tahir Əliyev və MTN-in nümayəndəsi bildirdilər ki, Etibar Əliyev barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib və o, hazırda həbsdədir. O da məlum oldu ki, Etibar Əliyev həbs-qətimkan qərarının dəyişdirilməsi və azadlığa buraxılması üçün Bakı Apelyasiya Məhkəməsinə müraciət edib, amma şikayəti təmin olunmayıb. Sonra həbsin ev dustaqlığı ilə əvəzlənməsi üçün şikayət verib, bu da təmin olunmayıb”.
Vəkil deyib ki, Elnur Seyidovun həbsinin ev dustaqlığı ilə əvəzlənməsi üçün yaxın günlərdə yenidən məhkəməyə müraciət edəcəklər.

Əli Kərimli: “Bu vəziyyət Azərbaycanın məhkəmə sistemini bütün dünyada rüsvay edib”

“Azərbaycanın məhkəmə sistemi, o cümlədən apellyasiya məhkəmələri qanuni vəzifələrini yerinə yetirmir. Məhkəmələr repressiv sistemin tərkib hissəsidir”. Bunu, AXCP sədri Əli Kərimli deyib. Ə.Kərimli bildirib ki, məhkəmələr yalnız istintaq orqanlarının ittihamlarını təsdiq edir, apelyasiya məhkəmələri birinci instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlayır, Ali Məhkəmə isə apelyasiya məhkəmələrinin qərarını təsdiqləməklə məşğul olur: “Belə bir vəziyyət Azərbaycanın məhkəmə sistemini bütün dünyada rüsvay edib. Axı belə olmaz, dövlət, onun məhkəmə sistemi heyfdir.
İndi də eyni hal təkrarlanıb, təəccüblü heç nə baş verməyib, həmin mexanizm işləyib. Bakı Apelyasiya Məhkəməsi heç bir əsas olmadan Səbayel Rayon Məhkəməsinin Elnur Seyidov barəsində üç aylıq həbs-qətimkan qərarını qüvvədə saxlayıb. Əvvəla, istintaqın əlində Elnurla bağlı heç bir ciddi əsas yoxdur. Həm də həbs qərarı ciddi tədbirdir. Cinayət işi başlanandan sonra istintaq orqanının çox sayda qətimkan tədbiri seçmək imkanı var. Onların arasında ən sərti və axırıncısı həbs qətimkan tədbiridir. Həbs qətimkan tədbiri ağır cinayət törədən, istintaqın gedişinə, cinayətin araşdırılmasına mane olmaq qüdrətinə malik şəxslər, yeni cinayət törədəcəyi ehtimal olunan şəxslərə tətbiq edilməlidir. Hazırda Elnurun cinayətdə iştirakını göstərən hər hansı ciddi əsas, sübut yoxdur. Üstəlik, Elnurun səhhətində çox ciddi problemlər var. Belə xəstəliklə insanların həbsdə saxlanılması onların həyatına birbaşa təhlükə törədir. Apelyasiya Məhkəməsi bütün bunları nəzərə almadan həbs qərarını qüvvədə saxlayıbsa, bu bir daha təsdiq edir ki, doğrudan da məhkəmələr hakimiyyətin sifarişini yerinə yetirir”.

AMİP və ACP-dən etiraz bəyanatları

Azərbaycan Milli İstiqlal Partiyası dünən E.Seyidovun həbsi ilə bağlı etiraz bəyanatı yayıb. Partiya E.Seyidovun həbsini AXCP sədri Əli Kərimliyə təzyiq kimi qiymətləndirərək hakimiyyəti bu addımlarına son qoymağa çağırıb.
Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyası da E.Seyidovun həbsini pisləyərək bu olayın siyasi sifariş olduğunu bildirib. Qurum hesab edir ki, E.Seyidovun hüquqazidd formada həbsi Ə.Kərimliyə qarşı təzyiqdir. Ona qarşı irəli sürülən qarışıq ittihamlar da bu işin Ə.Kərimli ilə bağlılığını və siyasi xarakter daşıdığını göstərir. ACP insanların qohumluq əlaqələrinə görə təqib olunmasını pisləyərək E.Seyidovun dərhal azad edilməsini tələb edib.

İnformasiya şöbəsi