Əliyevin ermənilərə verdiyi şans

“Azərbaycanda insan haqları kobud surətdə pozulur, müxalifət partiyaları sıxışdırılır, Avropa Şurası Parlament Assambleyasının həmməruzəçisi Azərbaycana buraxılmır”.
Bu sözləri Bakıda keçirilən “Avronest” Parlament Assambleyasının iclasında Ilham Əliyevin çıxışından dərhal sonra söz alan erməni deputat dedi. Möhtərəmin ənənəvi iqtisadi nağıllarla zəngin olan nitqində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, bir milyondan artıq qaçqın-köçkünün mövcudluğu və Dağlıq Qarabağ münaqişəsinin həllində erməni tərəfinin konstruktiv mövqe tutmaması faktlarına qarşı tərəfdən elə bir arqument qoyuldu ki, heç “mıqq” da eləyə bilmədik.
Əksinə, Avropa Parlamentinin deputatı Azərbaycanda vətəndaş cəmiyyəti qurumlarının hüquqlarının pozulması, qeyri-qanuni həbslər, sərbəst toplaşma azadlığına qoyulan qadağaları bir daha diqqətə çatdırdı – həm də mötəbər kürsüdən və möhtərəmin iştirak etdiyi məclisdə!
Elə belə də olmalıydı, belə də gözləyirdik: Azərbaycanda mülkiyyət hüquqlarının pozulması son dövrlərdə erməni təbliğatının aktiv ünsürünə çevrilib. Öz soydaşlarının hüquqlarını tapdayan, onların şəxsi mülklərini əlindən alan, azad fikirli insanları şərləyib dama basan, bütün iqtisadiyyatı 3-5 “oliqarx məmurun” əlində cəmləşdirən bir hakimiyyətin “ermənilərin milli haqlarını təmin edə bilməyəcəyi” məntiqindən niyə istifadə olunmamalıdır? Əliyev hakimiyyətinin ermənilərə verdiyi bu fürsətdən Ermənistan niyə bəhrələnməməlidir?
Illərdir bunu deyir, yazır, bağırırıq; Əliyev iqtidarı illərdir ermənilərin əlinə oynamaqla məşğuldur. Gör, ölkəmiz hansı vəziyyətə gəlib ki, bu xarabada treninq keçirmək istəyən Avropa təşkilatlarına viza verilmir.
Dünən sırf təsadüfən bunun şahidi oldum. Niderlanddan olan nümayəndələr qorxa-qorxa, qısıla-qısıla, mətbuatdan gizli surətdə “vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin rolu” ilə bağlı keçirdikləri təlimləri yekunlaşdırırdılar. Demə, aylardır onlara viza verilmirmiş, nə illah eləsələr də, Azərbaycana səfərə gələ bilmirlərmiş. Sonda “turist” kimi ölkəmizə təşrif buyurmağa məcbur olublarmış.
Onlar bu ölkədən hansı təəssüratla ayrıldılar? Hansı neqativlikləri özlərilə bərabər apardılar? Ilk cəhdlərindəcə vətəndaş cəmiyyəti quruculuğuna töhfə vermək istəklərinin yasaqlandığı faktını unutdularmı? Bu ölkədə nəinki fundamental, adidən adi insan haqlarının tanınmadığını müşahidə etmədilərmi?
Azərbaycanı dünyadan təcrid etmək, AŞ PA həmməruzəçisinə viza verməmək, ölkəni Iran kimi qapalı bir dövlətə çevirməklə Ilham Əliyev Avropanın, Qərbin dəstəyini almaq niyyətindədir? Getdikcə Irana çevrilən bu məmləkət barədə hansı təsəvvürlər yarandığını bilmək üçün Avropa mətbuatını oxumaq kifayətdir. Artıq hər gün Avropanın bir neçə məşhur elektron və yazılı KIV-ində Azərbaycanın bərbad durumu tənqid edilir.
Bu biabırçılığın fonunda Dağlıq Qarabağ danışıqlarında hansısa irəliləyişə nail olacağımızı düşünürsünüz?
Azərbaycanda inqilab başlayıb
Avropalı parlamentarilər Azərbaycanın “inqilab üçün gözəl məkan” olduğunu artıq Bakının göbəyində də bəyan etməkdən çəkinmirlər. Niyə çəkinsinlər ki?
Əgər 4 il müddətində 4 möhtəşəm villa tikən, yalnız bircə mülkünün gizli saxlancından 4 milyon manat pul çıxan icra başçısı hələ də azadlığın dadını çıxarmaqla məşğuldursa; əgər başçının dəyişdirilməsi tələbilə aylardır aclıq edən başqa rayon sakinlərinə heç bir əhəmiyyət verilmirsə; əgər hələ də insanların evlərini başına yıxmaq prosesi açıq-açığına bəyan və davam etdirilirsə; əgər təbii fəlakət nəticəsində qazalı vəziyyətə düşmüş evlərə görə vətəndaşlar 2 ildir dövlətin ayırdığı kompensasiyanı ala bilmirlərsə və bütün narazılıqlara baxmayaraq, hələ də hakimiyyət bu lokal toqquşmaları görmək istəmirsə…
Bütün bunları ikicə günə müşahidə etmək imkanı olan avropalı Bakını “inqilab üçün gözəl məkan” adlandırmamalıdır?
Azərbaycanda inqilab artıq başlayıb – bunu görməmək üçün siyasi baxımdan yalnız kar və kor olmaq lazımdır. Avropalı parlamentar kar və kor deyil, axı!