Şəhərin yarısını yandıran mahnısevər hökmdar

Deyirlər tarix təkrar edilir, amma qədim Roma tarixi müasir Bakıya necə gəlib çıxıb?     
Bilmirəm siz də Bakıda evi zorla sökülən qadının yerlə sürüdülərək çölə atılmasını görəndə, onun harayını, hıçqırtısını, iniltisini eşidəndə Neronu xatırladınızmı?
Ümumiyyətlə, tarixin təzadları bitmək bilmir. Məsələ ondadır ki, ən amansız hökmdarlardan biri kimi əsrlərin yaddaşında qalan həmin Neron mahnını, şəhərdə böyük konsertlər təşkil etməyi çox sevirdi. O, dayısı Kaliqula kimi qan tökməyi, qisas almağı, siyasi repressiyalar həyata keçirməyi çox sevirdi, amma həm də mahnısevər idi.
Dayanın. Tarix deyəsən bizim üzərimizdə əsl qəhqəhə çəkmək niyyətindədir. Axı bu Neron həm şəhərdə yeni tikililər aparmağı sevirdi. Bəli, Roma camaatı da bunu heç vaxt unutmadı…
64-cü ilin yayında Romada elə bir yanğın başladı ki, düz 6 gün davam etdi. Şəhərin köhnə və qiymətli hissəsi boşaldıldı. Romada hamı əmin idi ki, yanğını Neron özü təşkil edib. Hətta onun bu yanğına qıraqdan baxıb, zümzümə etdiyini görənlər vardı.
Yanğının köməyi ilə boşalan ərazilərdə, məhv olan evlərin yerində Neron yeni şəhərcik – Neropolis tikməyə başladı. Bu ərazidə Qızıl ev adlanan prezident, üzr istəyirəm, hökmdar iqamətgahı tikiləndə romalılar yanğının nə üçün baş verdiyinə qəti əmin oldu. Hökmdar isə xalqın şübhələrini dağıtmaq üçün dini sekta üzvlərini tutdu və onlar məşhur yanğını törətməkdə ittiham edildi.
Məmurların Bakıdakı evindən zorla sürüyüb çölə atdığı qadını görəndə mən Ilham Əliyevin zümzümə etdiyini düşündüm. Qarşıdan da “Avroviziya” mahnı yarışması gəlir. Çoxlu mahnı olacaq. Üstəlik, bütün dünya bizimlə birlikdə zümzümə edəcək. Nerondan qalan tarixi ənənəyə sadiq olaraq, şəhər də bir ucdan boşaldılır və yenidən tikilir.
Vicdansızların məhbusu – vicdan məhbusu
Siyasi məhbuslardan, vicdan məhbuslarından söz düşəndə bizim hakimiyyətdəkilər özlərini elə aparırlar ki, guya anlaya bilmirlər. Guya nədən, kimdən söhbət getdiyi onlara çatmır və soruşurlar, axı bizdə siyasi məhbuslar yoxdur. Ikrah doğursa da, başadüşüləndir…
Amma bəzən bizim kifayət qədər oxumuş vətəndaşlarımız özünü axmaq yerə qoyaraq soruşur: axı bu vicdan məhbusu nədir? Soruşurlar ki, niyə biz bu adamlara vicdan məhbusu deyirik?! Mən dəfələrlə bunu anlatmağa çalışmışam, hüquqi və siyasi dildə izahını verməyə çalışmışam. Aydınca demişəm ki, bu status siyasi hakimiyyətin heç bir günahı olmadan tutduqları adamlara verilir. Amma görürəm ki, anlamaq istəmirlər. Axır ki, yeni bir izaha əl atdım. Vicdansızlıqla həbs edilən, yaxud vicdansızların məhbus etdiyi adamlara vicdan məhbusu deyilir.
Şahzadəliyin qürubu
Sonuncu Osmanlı Sultanıÿ VI Mehmetin nəvəsi, sultanlığın sonuncu varisiÿ Neslişah Osmanoğluÿ aprelin 2-də vəfat edib. Ən maraqlısı odur ki, Neslişah Sultan eyni zamanda sonuncu Misir kraliçası idi. 1924-cü ildə Fransaya sürgünə göndərildiyində cəmi 3 yaşı olan Neslişah sonradan Misir kralının oğlu ilə evlənmişdi və bu ölkənin birinci xanımı olmuşdu. Lakin sonradan Misirdə də respublika qurulmuşdu və yenidən Fransaya köçməli olmuş, nəhayət, 1952-ci ildə çıxan qanunun köməyi ilə Türkiyə vətəndaşlığı alaraq vətəninə dönmüşdü.
Məsələ ondadır ki, iki dəfə kraliça olsa da, hətta iki müxtəlif ölkədə şahzadəliyə yiyələnsə də, hər iki dəfə respublikaçılığın gəlişi onu şahanə statusdan məhrum etmişdi. Şahzadələrinki gətirmir daha.