Ekspertlər Bakıda metrobus xətlərinin çəkilməsini yeni korrupsiya layihəsi kimi dəyərləndirir
Bakının bəzi ərazilərində Istanbulda olduğu kimi nəqliyyat sisteminə metrobusların daxil edilməsi planlaşdırılır. Bu barədə Lent.az-a eksklüziv olaraq hökumətdəki mənbələrdən məlumat verilib.
Artıq bununla bağlı paytaxt meriyası və müvafiq qurumlar arasında yekdil fikir mövcud olsa da, metrobusların tətbiqi ilə bağlı texniki məsələlər hələ ki, açıq qalmaqdadır.
Ilkin mərhələdə metrobusların Azadlıq meydanı-Nobel prospekti-Zığ yolu, metronun 28 may stansiyasının yaxınlığından başlamaqla Heydər Əliyev prospekti ilə Binəyə (hava limanının yaxınlığı), metronun “20 yanvar” stansiyasının yaxınlığından 3-cü mikrorayon dairəsindən keçməklə, Dərnəgül yolu ilə metronun “Koroğlu” stansiyasına və Bakıdan Sumqayıta çəkilməsi müzakirə olunan məsələlər arasındadır.
Ekspertlər bunu hakimiyyətin yeni korrupsiya layihəsi kimi dəyərləndirir: “Bir müddət əvvəl tramvay və trolleybusu ləğv etdilər ki, bu nəqliyyat növlərinə ehtiyac yoxdur. Indi isə nəqliyyat sisteminə metrobusları daxil edirlər. Əgər Bakıda avtobus və metrodan başqa nəqliyyat növünə ehtiyac var idisə tramvay və trolleybuslar niyə ləğv edilirdi? Bu nəqliyyat növləri nəyə mane olurdu? Yox, avtobus və metro kifayət edirsə metrobus nəyə lazımdır? Əslində bu bir korrupsiya layihəsidir. Istisna deyil ki, metrobusların alınmasına görə milyonlarla vəsait büdcədən silinəcək. Bundan başqa milyonların hesabına təmir edilən yollar dağıdılacaq ki, bu da həmin pulların göyə sovrulması kimi dəyərləndiriləcək”.
Hikmət