Eldə belə deyim var: dil çaşıb sözün düzünü deyər. Illər öncəsi biz belə bir görsənişlə üzləşmişdik. Indiki rejimdə Bakının başucalığına çevrilmiş meri demişdi: “Mən çirkin rüşvətxoram”. Əliyevçi rejim qurucularından olan Sirus Zendadel (Təbrizli) çaşıb-eləmədən, özünün jurnalist baxışlarına uyğun olaraq indiki hakimiyyəti oluşduran partiyanı çox gözəl xarakterizə etmişdi: SIMASIZ QULDURLAR PARTIYASI! Bugünlər ortaya çıxan bir sıra bəlli görsənişlər Hacıbalanın özü ilə, Sirusun YAP-la bağlı dediyinin üstündən Əliyevlər hakimiyyətinin GÖSTƏRGƏSINƏ çevrildi. Çaşıblar? Yox. Başlarını itiriblər? Yox. Olmayan itirilməz. Itirmək qorxusu ilə üzləşiblər. KQB generalının qoyub getdiyi PUL-KORRUPSIYA-KEF hakimiyyətini itirmək qorxusu yaranıb!
Artıq nəsə etməmişdilər. Illərlə etdiklərini etmiş, danışan jurnalisti ŞANTAJ yoluyla qorxudub susdurmaq istəmişdilər: quldurcasına hakimiyyət kurallarına uyğun olaraq bütün əxlaq normalarını aşmaqla! Sözsüz, hələ çox qabağa gedəcək, yalnız qəzetlərini deyil, MƏNƏVI KILLER televiziyası olaraq tanınan Lider TV öncüllüyündə bütün televiziyalarını işə salacaq, günün ən baxımlı çağlarında əxlaq-mənəviyyat örnəklərini sərgiləyəcəkdilər. Bunu indiyədək baş verənlərdən bilirik!
Birdən oğurluq üstündə tutulmuş kimi dönüb geriyə qaçdılar. Qaçıb, Əli Həsənovla Elnur Aslanovu qabağa verdilər: ağzınıza, ağlınıza gələni danışın, ancaq bizi bu qadadan qurtarın!. Onlar da… danışdılar. Ə.Həsənovun danışdığında bircə fraza bunların iç üzünü bütünlüklə açır: “Vətəndaşa qarşı belə bir hərəkətin törədilməsi konstitusiyaya ziddir”. Çox gözəl, ancaq doğrudan belə düşünürsünüzsə, bu işlərin başında duran etibar hüseynovu niyə parlament yüksəkliyinə qaldırmısız? “Vətəndaşa qarşı belə hərəkətin”, daha doğrusu, belə çoxsaylı hərəkətlərin KINO ZALINA çevrilmiş əmoğlu televiziyasını – LIDER TV-ni indiyədək niyə əl üstə tutmaqdasız? Bir də, o hansı konstitusiyadır elə? Özünüzün gündəlik qanun pozuntuları ilə gərəksiz kağız parçasına çevirdiyinizmi?!
Qarşı düşərgədən danışanların hamısı nədənsə daha önəmli faktı qoyub, çox da önəmli olmayanlardan yapışırlar. Bu yerdə ən çox yada salınası bir fakt var: Aqil Xəlil faktı! Aqil Xəlil bəlli bir MTN yetkilisini cinayət başında yaxalamışdı. MTN əməkdaşları qabaqca onu boğub yarımcan eləmiş, sonra da ona 30 min dollar pul verib cinayəti ört-basdır etmək istəmişdilər. Bu iş baş tutmayanda onlar baş prokurorluqdakı ortaqları ilə birgə öz agentlərini dövrəyə qoşaraq MAVI EKRAN qurğusu qurmuş, sonra da onu AZ TV, Lider TV, ITV başda olmaqla bütün televiziyalarla yayımlamışdılar. Bütün televiziyaların PROQRAM SETKASI birbaşa prezident administrasiyasında tutulursa, bütün televiziyaların PULTU birbaşa prezident administrasiyasının əlindədirsə… görünən kəndə nə bələdçi?
PA-da oturan E.Aslanova elə bu yöndə tapşırıq verilib: görünəni görünməz et! O da çalışıb: “Biz bu video görüntünün yayımlanmasını Azərbaycanda sabitliyi pozmağa cəhd edən, ölkənin beynəlxalq imicinə zərər verməyə çalışan və cəmiyyətdə gərginlik və çaşqınlıq yaratmaq istəyən təxribatçı qüvvələrin təbliğat kampaniyasının bir hissəsi kimi qəbul edirik”. Bu, başdan ayağa hakimiyyətin öz-özünü suçlaması faktıdır. Video görüntülərin qəzet ekranı hakimiyyətə bağlı “Yeni Azərbaycan”la “Iki sahil” qəzeti oldusa, indiki yalançı çıxışlar nə deməkdir? Bu işdə hakimiyyətin əli yoxdursa, o qəzetlərin başında duranlar, sizin dilinizcə desək, Azərbaycanda sabitliyi pozmağa cəhd edənlər, ölkənin beynəlxalq imicinə zərər verməyə çalışanlar, cəmiyyətdə gərginlik, çaşqınlıq yaratmaq istəyən TƏXRIBATÇI qüvvələr niyə cəzalandırılmır? Hələ mən orasını demirəm: yalnız indiki kimi əxlaqsız-təxribatçı yazıları ilə yada düşən bu sayaq qəzetlərə dövlətin ətək-ətək pulları nəyə görə verilir? Sözsüz, onlar korrupsiya hakimiyyətinin qəzet qoruyucuları – qoruyucu qəzetləri olduğuna görə! E.Aslanov bildirir: “Məsələni araşdıran hüquq-mühafizə orqanları BU ÇIRKIN ƏMƏLLƏRIN arxasında dayanan şəxslərin və qüvvələrin üzə çıxarılması və cəzalandırılması üçün əlindən gələni edəcək”. 19 illik hakimiyyətiniz boyunca hakimiyyətə bağlı qəzetlərdə, televiziyalarda çoxlu sayda belə çirkin əməl çıxıb ortaya… o əməllərin arxasında dayananları qorumaqdan, hansı yollasa ödülləndirməkdən savayı nə etmisiz?
Mənim ev telefonuma gələn çoxsaylı şantaj zənglərini edənlər bəlli oldu. 29-cu polis bölməsinin keçmiş rəisi Faiq Qasımov onlara arxa durdu. Bu adam polis orqanlarından uzaqlaşdırılmalı ikən… böyüdülüb qabaqca Yasamal, oradan Xətai Polis Idarəsinə aparıldı. Deyilənə görə, onun çox güclü arxası var – Arif Qaraşov!. “Dövlətə qarşı yazılar yazırsan” deyə, Yasmal PI-də mənə qarşı vəhşicəsinə davranış sərgiləyən rəis yardımçısı Cavid Muradova DIN-lə Baş Prokurorluq birgə arxa durmaqdadır. Baş Prokurorluq özünün Sahibəli Isgəndərov kimi sözəbaxan müstəntiqini IŞƏ SALARAQ polislərdən, daha doğrusu, C.Muradovun işçilərindən cinayəti ört-basdır edən yalançı “izahatlar” alıb yığıb. C.Muradov onda mənə böyük inamla demişdi: “Sənə 20i l iş verdirəcəm”. Bilmirəm, onun Sahibəli ilə ortaqlı düzüb-qoşduğu “izahatlar” 20 il iş verdirməyə yetərmi?!
Yasamal PI-nin rəisi Ismayıl Əsədov hansı qəzetdə işlədiyimi bilincə qızğın qışqırıqla buyurdu: “Azadlıq” qəzeti ermənilərə işləyir”. Bu sayaq çıxışları polisdən qabaq dövlət başçısı adlanan kimsə edirsə, bizim Ismayıl Əsədov kimi balaca adamları qınamağımıza dəyərmi? Buradan ortaya belə bir soru çıxır: “Azadlıq” qəzeti ermənilərə işləyirsə, hakimiyyət başında duran kimsələr bu “faktı” ritorika olaraq ötüşdürürlərsə… onda onlar özləri hara işləyirlər?
Bir yandan korrupsiyanı DÖVLƏT SIYASƏTINƏ çevirir, o biri yandan “ölkənin beynəlxalq imicinə zərər verməyə çalışan” kimsələrdən danışırlar. Oliqarxiyadan siyasi komanda oluşduran, bu komandaya toxunulmazlıq statusu qazandıran, demokratik dünyada “işgəncələr kralı” olaraq tanınan birisini DIN-də ikinci posta qaldıran kadr siyasətləri ilə bir arada “ölkənin beynəlxalq imicindən” danışmaq Ölkəni, Milləti, Dövləti, eləcə də adına “beynəlxalq” deyilən nəmənədirsə, onu ələ salmaqdır!
E.Aslanov sonda deyir: “Azərbaycan hakimiyyəti Xədicə Ismayılın şəxsi həyatına olmuş bu müdaxiləni qəti şəkildə pisləyir və həqiqətin tezliklə üzə çıxacağına inanır”. Azərbaycan hakimiyyəti! Bizim belə bir hakimiyyətimiz olsaydı! Belə bir hakimiyyət yalnız Azərbaycana düşmən indiki əliyevçi tayfa hakimiyyətinin yoxluğundan yarana bilər. Ərəb ölkələrində baş verənlər bu hakimiyyətin başında duranlara Böyük Demokratik Dəyişiklik gərəyini anlatmadısa, demək, özləri özlərini yıxmaq yolundadırlar. Elə bugünlər baş verənlər də bunu göstərir.
Bunlar “Azərbaycan hakimiyyəti” deyirlər, 19 ildir Azərbaycanda Azərbaycan hakimiyyəti yoxdur. 19 ildir Azərbaycanda, Azərbaycanın MILLI-MƏNƏVI dəyərlərinə, ÖZÜMLÜ VARLIĞINA düşmən kəsilən bir hakimiyyət var. Rüşvəti-korrupsiyanı-oğurluğu-soyğunçuluğu DÖVLƏT SIYASƏTINƏ çevirən bir hakimiyyəti necə Azərbaycan hakimiyyəti adlandırmaq olar? Qarabağı verməklə, ölkənin NEFT-QAZ qaynaqlarını böyük güclər arasında pay-püşk etməklə qurulan hakimiyyət necə Azərbaycan hakimiyyəti ola bilər? Qurulandan indiyədək ölkədə planlı olaraq MILLI BIRLIK görsənişlərini darmadağın edən, general Vahid Musayev başda olmaqla millətə bağlı oğulları alçaldıcı işgəncələrlə öldürən bir hakimiyyət necə Azərbaycan hakimiyyəti ola bilər?
Kimlərsə ortadakı şantaj faktı ilə bağlı “bu işin üstü siyasi iradə olarsa, açıla bilər” deyirlər. “Iradə” ərəb sözüdür, türkcə istək-istənc, buyruq deməkdir. Demək, indilikdə biz siyasi istəkdən, siyasi buyruqdan danışırıq. Özü də gələcək çağda danışırıq – siyasi istək, siyasi buyruq faktı ortada ola-ola. Jurnalistin evinə göndərilən şantaş-uyarmanı bir qırağa qoyaq. Hakimiyyətin başlıca ruporlarının – “Yeni Azərbaycan”la “Iki sahil” qəzetlərinin yaydığı video görüntü faktı siyasi istək, siyasi buyruq, ən sonda siyasi iradə görsənişi deyil, nədir? Bu siyasi iradənin üstündən başqası necə ola bilər?! Onlar dönə-dönə ortaya qoyduqları ÇIRKIN ƏMƏLLƏRI ilə bağlı indiyədək içdən, dışdan gərəkən təpkini görməmişdilər. Indi içdən də, dışdan da indiyədək görmədikləri təpkini gördüklərindən, yeni taktikaya əl atmalı oldular – özlərindən qaçıb uzaqlaşmaq taktikasına. Bu onlara biryolluq deyil, indiki qorxudan qurtulmaq üçün gərəkdir.