Bərdə poçtunda aparılan yoxlamalarla bağlı ilginc məlumat
Bərdə poçtunda ciddi yoxlamalara başlanılıb. Bu barədə “Azadlıq”a rayondakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, yoxlamaların səbəbi poçta ödənilən kommunal haqların başqa istiqamətə sərf edilməsidir. Mənbə bildirir ki, icra başçısı Vidadi Isayevin göstərişi ilə yığılan pullar Ilham Əliyevin rayona səfəri ilə bağlı hazırlıq işlərinə xərclənib. Bundan sonra Rabitə və Informasiya Texnologiyaları Nazirliyinə (RITN) məlumat daxil olub ki, Bərdə poçtuna ödənilən pullar “yox”a çıxıb. Dərhal poçtda yoxlamalara başlanılıb. Mənbənin sözlərinə görə, yoxlamalara başlanılanda poçtun rəhbərliyi əsl həqiqəti nazirliyin diqqətinə çatdırıb. Lakin nazirlik yoxlamaları davam etdirməyi məqsədəuyğun sayıb. Mənbə əlavə edib ki, bu məsələ ilə əlaqədar rabitə nazirinin iki müavini də Bərdəyə yollanıb.
Xəbəri dəqiqləşdirmək üçün Rabitə və Informasiya Texnologiyaları Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov Bərdə poçtunda yoxlamaların aparıldığını təsdiqləsə də, bunun səbəbi barədə deyilənlərin əsassız olduğunu bildirib. “Azərpoçt” hər 2 il birdən rayon şöbələrinin birində yoxlamalar aparır. Bu dəfə də növbə Bərdənindir”,- deyə Müşfiq Əmirov vurğulayıb.
Bərdə ilə bağlı başqa məlumat isə rayonun abadlaşdırılmasında yerli idarələrin üzərinə öhdəlik qoyulması ilə bağlıdır. Məlumatlara görə, Vidadi Isayev abadlıq işlərini yerli məmurlar arasında bölüşdürüb. Rayon təhsil şöbəsinin üzərinə isə mərkəzi küçələrə tamet döşəmək düşüb.
Yeri gəlmişkən, bir neçə gün əvvəl Bərdə Rayon Icra Hakimiyyətində insident yaşanması barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, hadisə rayonun icra başçısı Vidadi Isayevin iştirakı ilə keçirilən müşavirədən sonra baş verib. Icra başçısı həmin müşavirədə mədəniyyət və turizm idarəsinin müdiri Soltan Həsənovu tənqid edib. Bu, idarə müdiri ilə icra başçısı arasında mübahisəyə səbəb olub. Müşavirədən sonra isə icra başçısının müavini Vidadi Imanquliyev Soltan Həsənova yaxınlaşaraq ona kəllə atıb. Bu məlumatı da Soltan Həsənov qəzetimizə açıqlamasında təsdiqləmişdi. O həmçinin bildirmişdi ki, Vidadi Isayev keçmiş Lenin bağını ona təmir etdirib. O, isə təmir işlərinə 200 min pul sərf edib. Soltan Həsənov əlavə etmişdi ki, bütün bunlara görə o, artıq ərizə yazaraq işdən çıxıb.
Azad