“8 aprel mitinqi xalqın aksiyasıdır”

İctimai Palata mitinq hazırlığını yüksək səviyyədə davam etdirir

İctimai Palata aprelin 8-də 20-ci sahədəki sürücülük məktəbinə məxsus meydançada keçirəcəyi mitinqə hazırlığı sürətlə davam etdirməkdədir. Mitinqin 16:00-dan 18:00-a qədər davam etməsi nəzərdə tutulub. İP Koordinasiya Şurası keçirdiyi son toplantıda aksiya ilə bağlı bütün texniki məsələləri həll edib. Artıq aksiyanın aparıcıcısı da məlumdur. Aksiyanı İP Koordinasiya Şurasının üzvü, tanınmış siyasətçi İbrahim İbrahimli aparacaq.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov “Azadlıq”a bildirdi ki, aksiyanın keçiriləcəyi məkan məlum olandan sonra İP strukturlarının fəaliyyəti konkret istiqamətə yönəlib. Bu bazar keçiriləcək aksiyanı ümumxalq hərəkatının başlanğıcı sayan H.Kərimov 8 aprel mitinqinə qatılacaqları haqda əhalinin müxtəlif təbəqələrindən müraciətlər aldıqlarını, özlərinin də müxtəlif vasitələrlə mitinqə çağırış etdiklərini söylədi: «Xeyli sayda müraciətlər olunub. Bu sıraya taksi sürücülərini, evi sökülən vətəndaşları, yerlərdə məmur özbaşınalığı ilə insanları qeyd etmək olar. Biz xüsusi vərəqələr hazırlamışıq. Həmin vərəqələr rayonlar üzrə paylaşdırılıb ki, hər bir vətəndaşımızın 8 aprel aksiyasından xəbəri olsun. Bu vərəqələrdə aksiyanın keçirilməsinin zərurəti, tələblər əksini tapıb. Biz haqqı pozulan hər bir şəxsi mitinqə dəvət edirik. Çünki bu aksiya təkcə İctimai Palatanın yox, bütün xalqın aksiyasıdır».
Aksiyanın izdihamlı olacağına inanan H.Kərimov düşünür ki, hakimiyyətin yürütdüyü siyasətdən narazıların saynın hər ötən gün artması İctimai Palataya dəstəyin böyük olacağını deməyə əsas verir.

Hikmət