Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsinin şimal qurtaracağında Yaşma bağları adlanan bağ massivləri sökülür. Sakinlərin Modern.az-a verdiyi məlumata görə proses artıq bir aydır ki, davam edir. Artıq yol kənarındakı evlərin əksər hissəsinin hasarları sökülüb.
Sumqayıt şəhər İcra Hakimiyyətindən isə sökülməyə əsas kimi evlərin magistral yolu darlaşdırması göstərilir. Qanuna görə evlər magistral yoldan 70 metr aralıda olmalıdır. Evlərinin sökülmə təhlükəsi olan 340 sakin sökülmənin dayandırılması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə şikayət ərizəsi ilə müraciət edib.
Qeyd edək ki, həmin torpaq sahələri vaxtilə “Şüşə”, “Kərpic”, “Polimer”, “Kompressor (Kimiya İstehsalat Birliyi )” zavodlarında işləyənlərə verilib. Bu tədbirlərə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişilə başlanıldığı qeyd edilir.