İran İslam Respublikasının Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq ondan İran parlamentin sədri Əli Laricaninin açıqlamaları ilə bağlı izahat tələb edilib.
“Hürriyet” qəzetinin verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu baş nazir Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı qarşılıqlı hörmət və anlayış çərçivəsində çox gözəl görüşlər keçirdiklərini, lakin səfərdən dərhal sonra verilən açıqlamanın bu qarşılıqlı hörmət və anlayışa zidd olduğunu bildirib. Ə. Davudoğlu məsələ ilə əlaqədar iranlı həmkarı Əli Əkbər Salehi ilə əlaqə saxladığını bildirib. Salehi Davudoğluna deyib ki, İran dövləti adından açıqlama vermək yalnız prezident, xarici işlər naziri və ali dini liderin səlahiyyəti daxilindədir, digər açıqlamaların dövlət siyasətinə aidiyyəti yoxdur.
Xatırladaq ki, İran parlamentinin sədri Əli Laricani İstanbulda keçirilən “Suriyanın dostları” konfransını tənqid edərək, sammit iştirakçılarını “Suriyanın düşmənləri” adlandırıb. O konfransı İsrailə dəstək vermək məqsədi daşıdığını deyib və sammit iştirakçılarını Bəhreyndəki diktatura rejiminə göz yummaqda ittiham edib.