Urmiyada etiraz aksiyası

İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində, Urmiya gölünün ətrafında yüzlərlə azərbaycanlı fəal aksiya keçirib.

“Media forum” saytının məlumatına görə, aprelin 1-nə – Novruz bayramının 13-cü günü, “Təbiət günü”nə təsadüf edən aksiyada əllərində yazılı plakatlar gəzdirən azərbaycanlılar Urmiya gölünün qurumasına hakimiyyətin laqeyd münasibətinə etiraz bildiriblər, gölün qurumasının qarşısının alınmasını tələb ediblər.

Plakatlar üzərində latın qrafikasında və əski əlifbada Azərbaycan dilində yazılan şüarlar bunlardır: “Urmu gölü, səni ölməyə qoymayacağıq”, “Azərbaycan gəlini solmayacaq”, “Urmu gölü – Azərbaycanın gəlini”, “İnsan həyatı təbiətə bağlıdır”, “Təbiəti sevənlərə eşq olsun”, “Təbiət günündə təbiəti qorumalıyıq”, “Torpaq seviləndə vətən olur”, “Urmu gölü Azərbaycanın varlığıdır”.