Əli Kərimlinin qohumu Elnur Seyidovdan başqa
Qurban Məmmədov: «Təhlükə kimdən gəlirsə, ona və yaxınlarına qarşı belə üsullara əl atırlar»
“Texnikabank”ın Yasamal filialının müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun həbsindən apelyasiya şikayəti verilib. Vəkil Əsabəli Mustafayev “Media forum”a bildirib ki, apelyasiya şikayətində Səbayel Rayon Məhkəməsinin E.Seyidov barəsində çıxardığı üç aylıq həbs qərarının ləğvi istənilir. Şikayətdə E.Seyidovun ağır xəstə olması haqda arayış və onun himayəsində olan üç azyaşlı övladının doğum şəhadətnamələri əlavə olunub: “Elnur Seyidov tibb tarixində nadir rast gəlinən ağır bir xəstəlikdən əziyyət çəkir. Bu xəstəliyin Azərbaycanda müalicəsi yoxdur. Həkimlər də təsdiq edir ki, belə xəstənin həbsxanada saxlanılması çox təhlükəlidir. Hər an xəstəlik şiddətlənə və bu da ölümlə nəticələnə bilər. Bundan başqa, Elnur Seyidovun himayəsində üç azyaşlı uşaq var”.
Vəkil ümid edir ki, Apelyasiya Məhkəməsi E.Seyidovun səhhətini, himayəsində azyaşlı uşaqların olmasını nəzərə alaraq ədalətli qərar qəbul edəcək: “Ümid edirik ki, Bakı Apelyasiya Məhkəməsi Səbayel Rayon Məhkəməsinin qərarını ləğv edəcək. Bundan başqa, mətbuatın yazdığına görə, ”Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyev azadlığa buraxılıb. Bu, jurnalist araşdırması nəticəsində məlum olub. Bankdan da bildiriblər ki, Etibar Əliyev azadlıqdadır və müşavirə keçirir. Istintaqı aparan orqan da Etibar Əliyevin azadlığa buraxıldığını təkzib etməyib. Elnur Seyidova verilən ittihamda yazılır ki, o, Etibar Əliyevin təşkilatçılığı və tapşırığı ilə qanunsuzluqlar törədib. Əgər təşkilatçı azadlıqdadırsa, Elnur Seyidovu hansı məntiqlə həbsdə saxlayırlar? Bizdə olan məlumata görə, “Texnikabank”ın həbs olunan digər yüksək vəzifəli nümayəndələri də azadlığa buraxılıb, yalnız Elnur Seyidovu saxlayıblar. Deməli, bu işin xüsusi planlaşdırıldığı, siyasi xarakterli olduğu, AXCP sədri Əli Kərimliyə təzyiq göstərmək üçün həyata keçirildiyi təsdiqlənir”.
Dünən daha bir təşkilatı Siyasi Azadlıqların Müdafiəsi Alyansı E.Seyidovun həbsi ilə bağlı bəyanat yayıb. E.Seyidovun AXCP sədri Əli Kərimlinin yaxın qohumu olması, ancaq heç bir siyasi partiyanın üzvü olmadığının vurğulandığı bəyanatda qeyd olunur ki, onun saxılanılması zamanı ciddi qanun pozuntularına yol verilib: “O saxlanılarkən ailə üzvləri və vəkilləri ilə əlaqə saxlanmasına şərait yaradılmayıb, həmçinin ona hüquq və vəzifələri elan olunmayıb, vəkillə də təmin edilməyib.
Seyidovun həmçinin iqtisadi xarakterli cinayətlərdə ittiham olunmasına baxmayaraq, MTN-in təcridxanasında saxlanılması anlaşılan deyil. Ailə üzvləri Seyidovun ağır xəstəlikdən müalicə olunduğunu bildiriblər”.
SAMA E.Seyidovun həbsi ilə bağlı baş verənlərin ciddi qanun pozuntuları ilə müşayiət olunduğunu, bu hadisənin müxalif siyasi partiya liderinə qarşı təzyiq vasitəsi olduğunu və siyasi səciyyə daşıdığını bildirərək, bu hadisəni qətiyyətlə pisləyir və hakimiyyəti öz opponentlərinə qarşı bu cür təzyiq formalarından istifadə etməməyə çağırır. SAMA ümid edir ki, Seyidovun dərhal azadlığa buraxılması və ya onun barəsində seçilmiş həbs qərarının dəyişdirilməsi, istintaqın isə obyektiv qaydada aparılması üçün siyasi iradə nümayiş etdirıləcək.
Hüquqşünas Qurban Məmmədov E.Seyidovun həbsini Əli Kərimliyə təzyiq kimi qiymətləndirir: “Bunlara elə gəlir ki, siyasətlə yalnız öz ailələri, tayfaları məşğul ola bilər. Azərbaycan bunların şəxsi bostanı, xalq da nökərləridir. Insanlarla istədikləri kimi davrana bilərlər. Adətən təhlükə kimdən gəlirsə, ona və yaxınlarına qarşı belə hərəkətlər edirlər. Rəqibinin qaynından, baldızından başlamaq Heydər Əliyev dönəmindən qalma üsuldur. Özü yoxdur, amma əməlləri yaşayır. Əli bəyin qaynına qarşı bu həbs də sırf siyasi aksiyadır, hakimiyyətin qanunsuz hərəkətidir və pislənilməlidir”.
Xatırladaq ki, E.Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. O, nazirliyin təcridxanasında saxlanılır və Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə dələduzluqda ittiham olunur.
Gültəkin