AB komissarı deyib ki, Azərbaycanla münasibətlərində insan haqları və demokratiyaya hörmət əsas prinsip olaraq qalacaq
Bu gün Avropa Birliyinin (AB) Genişlənmə və Avropa Qonşuluq Siyasəti komissarı Ştefan Füle müxalifət nümayəndələri ilə görüş keçirib. Görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, ALP sədri Əvəz Temirxan, Ümid partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov və REAL hərəkatının həmsədri İlqar Məmmədov iştirak edib.
AXCP-dən verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa Birliyi arasında olan bütün münasibətlərin geniş spektri müzakirə mövzusu olub. Xüsusi olaraq vurğulanıb ki, 2006-cı ilin noyabr ayından başlayaraq Avropa Birliyi ilə Azərbaycan arasında müxtəlif proqramlar vasitəsilə əməkdaşlıq gücləndirilsə də, hələ ki, ötən altı ilin ərzində bu əməkdaşlıq ölkəmizin demokratikləşməsi və Azərbaycanda insan haqlarına hörmət edilməsi istiqamətdə hər hansı müsbət dəyişikliklə xarakterizə olunmayıb. Avropa Birliyi rəsmiləri də etiraf edir ki, ötən il 8 dəfə rəsmi bəyanatla Azərbaycan hakimiyyətini insan haqlarına hörmətlə yanaşmağa çağırıblar, amma hər hansı pozitiv dəyişiklik olmayıb.
Bu baxımdan görüşdə Avropa Birliyinin Azərbaycan hökumətini beynəlxalq təşkilatlar, o cümlədən AB qarşısında götürdüyü öhdəlikləri həqiqətən də yerinə yetirməyə borclu olduğuna inandıra bilməsi üçün nə etməli olduğu əsas müzakirə mövzusu olub. Vurğulanıb ki, o öhdəliklər kağız üzərində qalmamalıdır. Avropa Birliyi Azərbaycan hökumətini inanldırmalıdır ki, ölkənin daxili siyasəti dəyişmədən, demokratiya təmin olunmadan Birliklə münasibətləri dərinləşdirmək mümkün olmayacaq.
Görüşdə konkret olaraq siyasi məhbuslar, 2 aprel dustaqları, inanclı insanlara qarşı repressiyalar, bu günlərdə Əli Kərimlinin həbs olunmuş qohumu ilə bağlı da müzakirə aparılıb.
Başqa bir müzakirə mövzusu AB və başqa beynəlxalq təşkilatların səylərinə baxmayaraq sərbəst toplaşmaq azadlığı ilə bağlı hökumətin tutduğu qeyri-konstruktiv mövqe olub. Həmçinin siyasi partiyalara olan basqılar, siyasi partiyalar haqqında qanuna hazırlanan neqativ dəyişikliklər, bu istiqamətdə situasiyanın müsbətə doğru dəyişməsi üçün Avropa strukturlarının ata biləcəyi addımlar da müzakirə edilib.
Görüşdə xüsusi olaraq gələn il keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə bütün hüquqi hazırlıqların bu il başa çatmalı olduğu vurğulanıb.
Belə ki, bir qayda olaraq seçki islahatı ilə bağlı təşəbbüslər Avropa təşkilatları tərəfindən seçkilərə az müddət qalmış təqdim olunur və sonradan müzakirələr nəticəsində hökumət süründürməçiliyə yol verir. Məlum olur ki, seçki islahatları həyata keçirməyə hər dəfə vaxt qalmır. Ona görə də məhz 2012-ci ildə seçki islahatlarını əsas prioritetə çevirmək və 2013-cü ildə keçirilməsi planlaşdırılan prezident seçkilərinə bu il hüquqi zəmin yaradılmasının zərurəti ayrıca müzakirə olunub.
Eyni zamanda Avropada fəaliyyət göstərən digər təşkilatların imkanlarından Azərbaycanda demokratiyanın müdafiəsi üçün daha səmərəli istifadə eləməklə bağlı fikir mübadiləsi aparılıb. Ştefan Füle Avropa Şurası, ATƏT kimi təşkilatlarla Avropa Birliyinin səylərinin əlaqələndirilməsinin perspektivlərini də müxalifət nümayəndələri ilə müzakirə edib.
Görüşdə qərara gəlinib ki, Avropa Birliyi ilə yerli müxalifət liderləri arasında əlaqələr sıxlaşmalıdır. İnformasiya mübadiləsi və məsləhətləşmələr Avropa Birliyinin ölkədəki dəqiq vəziyyəti və tendensiyaları dəyərləndirib ona uyğun addımlarını atmasına kömək edər.
AB komissarı bir daha ifadə edib ki, Birlik birmənalı şəkildə Avropa dəyərlərinə, demokratik prinsiplərə hörmət üzərində qurulub. Azərbaycanla münasibətlərində də insan haqları və demokratiyaya hörmət əsas prinsip olaraq qalacaq.