“İnsan haqları ilə bağlı təkcə AB-dən azı 8 bəyanat olub ki, bu da xeyli narahatlıq doğuran bir cərəyanı göstərir”
Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə etimad mühitinin formalaşdırılmasına dair yeni təkliflər paketi hazırlayıb. Bu barədə Bakıda səfərdə olan, Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və Genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle deyib. Amma o, detallar barədə danışmayıb. Bircə onu deyib ki, onların vəzifəsi bu təkliflər əsasında münaqişəni həll etmək deyil, sadə insanlar səviyyəsində təmaslar qurmaqdır. O, Avropa Birliyinin Qarabağ münaqişəsinin həllində rol oynaması ilə bağlı suala belə cavab verib: «Avropa Birliyi ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir. Bu, birliyin son bəyanatlarında da əksini tapıb. Ona görə də ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın dəyişdirilməsindən söhbət gedə bilməz».
Aprelin 3-də Azərbaycan Xarici İşlər Nazirliyində brifinq keçirən Ştefan Füle bildirib ki, onun Bakıya səfərinin əsas məqsədi həm Avronest Parlament Assambleyasının Brüsseldən kənardakı ilk iclasında iştirak etmək, həm də öz həmkarları ilə müxtəlif sahədə müzakirələr aparmaqdır.
Füle deyib ki, Avropa Birliyi ilə Azərbaycan arasında müsbət irəliləyiş görür və Bakıya gəlməklə bu münasibətlərin nə qədər əhəmiyyətli olduğunu göstərmək niyyəti güdüb.
Şərq Tərəfdaşlığı Proqramında Azərbaycanın bir tərəfdaş kimi imkanları olduğunu söyləyən komissar mayda Bakıda keçiriləcək «Eurovision» müsabiqəsinə də toxunub: «Gələn ay keçiriləcək tədbir təkcə Azərbaycanı dünyaya bir pəncərə kimi acmayacaq, həm də ölkəyə diqqəti artıracaq, özü də təkcə mədəniyyət baxımından deyil. Bu günlərdə beynəlxalq təşkilatların insan hüquqları ilə bağlı narahatedici bəyanatları, təkcə Avropa Birliyindən azı 8 bəyanat olub ki, bu da xeyli narahatlıq doğuran bir cərəyanı göstərir. Mən bu barədə nazirlə səmimi söhbət etdim».
Avropalı komissar Azərbaycanda dini tolerantlıq olduğunu bildirdi və dedi ki, insan haqlarının qorunmasında bu amil də vacibdir (“Azadlıq” radiosu).