Quba olaylarına görə tutulanlara təzyiq göstərilir

Rəşid Hacılı: «Bu görüntülərdə hüquq pozuntusu sayılan hər hansı təhrif, əlavə şərh və çağırışlar yoxdur»

Arzu Abdullayeva: «Camaatı təqib etməklə onları qorxu içində saxlayırlar»

Quba hadisələrinə görə tutulmuş “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqovun və baş redaktoru Zaur Quliyevin valideynləri vəkillər Rəşid Hacılı və Elçin Sadıqovla müqavilə bağlayıb. R.Hacılı bildirib ki, V.Qonaqov vəkil Elçin Sadıqovdan imtina edib:
“Elçin Sadıqov Vüqar Qonaqovla bir dəfə görüşə bilmişdi. Zaur Quliyevlə görüş üçün müraciətlərə isə Baş Prokurorluq ümumiyyətlə cavab vermir. Mən özüm də görüş üçün müraciət etmişəm. Amma heç bir cavab ala bilməmişəm. Hətta görüşməyə icazə üçün baş prokurora teleqram da vurmuşdum. Valideynlər çox narahatdır. Vüqar Qonaqovun atası yaşlı adamdır. Dəfələrlə mənə zəng vurub. Xahiş edir ki, görüşmək üçün nə lazımdır edək, nə baş verdiyini, Vüqar Qonaqovun Elçin Sadıqovdan nə səbəbə imtina etdiyini öyrənək. Onların həbsi ilə bağlı müəmmalı məqamlar var. Xüsusən jurnalistlərin DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlanması, Vüqar Qonaqovun vəkildən imtinaya məcbur edilməsi, uzun müddət psixoloji təzyiqlər altında saxlanması narahatlıq doğurur. Mən yenə də görüşməyə çalışıram. Hələlik heç bir cavab ala bilməmişəm”.
Qeyd edək ki, jurnalistlər Qubanın icra başçısı Rauf Həbibovun çıxışının qısaldılmış variantını hazırlamaqda ittiham olunur. Onlara Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və yə bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə iş açılıb(“Media forum”).
Media Hüququ Institutu hesab edir ki, həmin şəxslərin hərəkətlərinə qiymət verərkən Konstitusiyanın 50-ci maddəsinin, Avropa Konvensiyasının verdiyi hər kəsin istədiyi məlumatı almaq, hazırlamaq və yaymaq haqqına sahib olmasını, bu haqlara yalnız legitim məqsədlər naminə və adekvat müdaxiləyə yol verildiyini nəzərə almaq lazımdır: “Bir rayonun yüksək vəzifəli şəxsinin açıq toplantıda nə söylədikləri ictimai önəmli məlumatdır. Onları hər kəsin bilmək haqqı, eləcədə hər kəsin yaymaq haqqı var. Belə məlumatları hazırlamaq azadlığı onu redaktə (montaj) etmək, ona əlavələr etmək haqqını da özündə birləşdirir. Bu materialları yaymaq azadlığına isə onu həm ənənəvi mediada, həm də yeni mediada, habelə sosial şəbəkələrdə yaymaq azadlığı da daxildir. Bu videogörüntülərdə hüquq pozuntusu kimi qiymətləndirilə biləcək hər hansı təhrif, əlavə şərh və çağırışlar olmayıb. Yayılmış videomateriallarla həmin hadisələr arasında isə birbaşa səbəbli əlaqə olduğu real və ağlabatan görünmür”.
Qurum ictimai önəmli məlumatları hazırladığına və yaydığına görə həbs edilmiş şəxslərin dərhal azadlığa buraxılmasını tələb edir.

Hüquq müdafiəçisi Arzu Abdullayeva Qubada baş verənləri  nəzarətdə saxladıqlarını və hazırda bir nümayəndələrinin rayonda olduğunu deyir: “Quba hadisələrindən dərhal sonra yerli sakinlərə qarşı təqiblər başladı. Insanları polisə dindirilmək üçün çağırırlar. Əslində isə məqsəd hamını qorxu içində saxlamaqdır. Yerli rəhbərlik qorxur ki, eyni hadisələr bir daha təkrarlana bilər. Biz hüquq-mühafizə orqanlarına müraciət edəndə bildirdilər ki, dindirmələr aparmaqla evin yandırılmasında və iğtişaşda iştirak edənləri tapmaq istəyirlər. Yaxşı, belədirsə, jurnalistləri niyə saxlayırsız?”.

Gültəkin