Özünü bir gəmidə hiss etmək üçün…

O gün solların debatına baxdım. Bir daha əmin oldum ki, bu ölkədə hələ çox siyasi qüvvələr özünü bir gəmidə hiss etmir. Hakim partiya haqda danışmağa dəyməz, çünki onlar o gəmidə özlərindən başqa heç kimə yer vermək haqda düşünmürlər. Solçuların bir hissəsindən dünyadakı dəyişikliklər tamam yan keçib, onlar necə var, elə də qalıblar.
Nədən Norveçdə sağların solları, yaxud ABŞ-da demokratların respublikaçıları əvəz etməsi bir problem yaratmır? O qədər sadə sualdır ki, mən onun üzərində dayanmaq istəmirəm, A.Eynşteyn demişkən, bu suala mənim sürücüm də cavab verə bilər. Amma bir detalı az da olsa, işıqlandırmaq istəyirəm. Problem ona görə yaranmır ki, ölkə iqtisadi ukladla bağlı bir konsensus yaşayır, iqtisadi uklad qəbul olunub. Sağlar bir məsələni qəbul ediblər: xüsusi mülkiyyətdən savayı kooperativ və eləcə də dövlət mülkiyyəti ola bilər. Solçular isə xüsusi mülkiyyətin mövcudluğu ilə, hətta onun zəruriliyilə barışıblar və ona görə də solların sağları əvəz etməsi və yaxud da tərsinə, sağların solları əvəz etməsi ölkənin iqtisadi kəsiyində o qədər də dəyişikliyə səbəb olmur, konstitusiyanın təməl prinsipləri qalır. Bu da bir balans siyasətidir.
Balans dedim, bir məsələ də yadıma düşdü. Hakim partiya xarici siyasətdə balansı çox rahat qəbul edir, hətta ondan faydalanır, amma daxili məsələlərdə, daxildəki ictimai-siyasi qruplar arasında balans gözləmək fikrini isə heç özlərinə yaxın buraxmırlar. Elə ona görə də inkişaf yoxdur.
Yazının adında özünü bir gəmidə hiss etmək məsələsi var. Burada reallıq hələ başqadır, daha çox siyasi piratçılıq dəbdədir, düşünmürlər ki, o, yaxşı bir nəticə verə bilməz. Gəmidən yalnız ölüləri suya atırlar, dirilər üçün gəmidə yer tapılmalıdır. Dəniz terminlərilə danışanda görürsən ki, bunlar o qədər özlərinə vurulublar ki, bizim hamımızı siyasi meyit hesab edirlər, ona görə də hamını gəmidən suya atırlar. Əgər bir gün bizim hakim partiya elan etsə ki, bütün Azərbaycan vətəndaşları bu partiyanın üzvüdür, mən buna da təəccüblənmərəm, çünki əsl bolşeviklər heç yana getməyiblər, onlar bu gün də hakimiyyətdədirlər, sadəcə vəsiqələrini, bir də partiyalarının adını azacıq dəyişiblər.
Sonra da deyirlər ki…
Indi bir az Suriya məsələsinə toxunmaq istəyirəm. Səylər çox oldu. Çalışdılar ki, B.Əsədi birtəhər yola gətirsinlər. Mən bunu niyə deyirəm? Bəzən belə bir fikir yaranır ki, ABŞ və Qərb ölkələri daxili siyasi resurslarına etinasızdı və onu gözləmir. Amma bir ildir ki, hamı səbrlə Suriyadakı proseslərin sonunu gözləyir. Əvvəldə qeyd etdim ki, təşəbbüs çox oldu. Indi bir ildən sonra bu ölkələr Suriyaya hərbi müdaxilə etmək qərarına gəlsələr, bu artıq Əsədin öz günahı olacaq. Maraqlıdır, Istanbulda keçirilən tədbirdə bizimkilər də iştirak etdilər. Mən gözləyirdim ki, bunlar daha çox Əsəd tərəfdə olacaq, yaxud da Rusiyanın işarəsini gözləyəcəklər. Amma belə olmadı. Görünür ki, bu, Qərbi eşitməyin bir formasıdır, bunlar da Qərbi eşitməyə məcburdurlar.
O gün bir xəbər də oxudum. Avropa Birliyi beş ölkəyə təcili Kosovonun müstəqilliyini tanımağı tapşırıb. Düzdür, bunların hamısı Avropa Birliyinin üzvləridir, lakin dərhal ağlıma bir sual gəldi: birdən Avropa Birliyi bu təşəbbüsü genişləndirmək, digər ölkələrə də şamil etmək fikrinə düşdü, onda necə olacaq? Nə isə. Problemi, qoy, özləri çözsün. Bu məsələ ilə BMT-də də qarşılaşa bilərlər. Mən ölkəni BMT Təhlükəsizlik Şurasına üzv kimi qəbul edəndə bir neçə problem qeyd etmişdim.
Bunlardan biri bəzi ölkələrin tanınması, digəri isə ərəb rejimlərinə münasibət idi…
Kiçik sözardı
Siyasi hadisələr bir az olanda, bir də çox olanda yazmaq çətinləşir. Az olan zaman yazmaq ona görə çətindir ki, bilmirsən nədən yazasan?! Çox olmağın da öz problemi olur – hamı yazır, danışır, deməyə və yazmağa söz qalmır! O gün bu haqda düşünəndə daha bir detal ağlıma gəldi. Azərbaycan haqqında düzgün yazılmayanda belə, bunun faydası olur, çünki belə yazılar da ölkəni tanıdır. Ona görə yazını sualla bitirmək istəyirəm: biz bu hakimiyyətdən çox yazmaqla nə edirik? Onun reytinqini daha da artırırıq, yoxsa əksinə?..