İctimai Palatanın aksiyasında ən azı, on min nəfərin iştirakı gözlənilir
Ictimai Palatanın 8 aprel mitinqinə hazırlıq davam edir. Bu həftə mitinqə hazırlıq baxımından son həftə olduğundan hazırlıqlar daha da gücləndirilmiş rejimdə keçir.
Xeyli müddətdi ki, aksiya hazırlıqlarına başladıqlarını deyən AXCP sədrinin müavini Gözəl Bayramlı bildirdi ki, partiya rəhbərliyi və fəallar əhalinin bütün kəsimlərilə təmasda olmağa çalışır. Aprelin 8-də keçiriləcək aksiyanı “hakimiyyətdən narazı bütün insanların mitinqi” adlandıran G.Bayramlı bildirdi ki, AXCP nəinki paytaxt təşkilatlarında, əyalətlərdəki rayon şöbələrində də müşavirələr keçirərək, mitinqə hazırlığı yüksək səviyyədə aparır: “Biz aksiyada hakimiyyətdən narazı olan bütün təbəqələrin iştirakına çalışırıq. Bu üzdən həm evləri sökülən vətəndaşlarımızla, həm taksi sürücülərilə, həm də inanclı insanlarla görüşlər keçirərək mitinqin önəmini onlara çatdırırıq. Əldə etdiyimiz məlumatlara görə, hazırda həbsdə olan vicdan məhbuslarımızın qohumları da 8 aprel aksiyasında yaxından iştirak edəcəklər”.
Hazırda ölkədə yaranmış vəziyyətin bütün cəmiyyəti narahat etdiyini deyən G.Bayramlı bu baxımdan hesab edir ki, aksiya izdihamlı alınacaq. Bakı şəhər Icra Hakimiyyətinin aksiya ilə bağlı müraciətə cavab verməsi üçün son tarixin aprelin 2-i olduğunu deyən G.Bayramlının sözlərinə görə, belə bir təcrübə də var ki, meriya cavabını aksiyaya 1-2 gün qalmış açıqlayır. Bu səbəbdən, cavab məktubu yubandığı halda, Bakı şəhər Icra Hakimiyyətilə bağlı hüquqi addımların atılması istisna deyil.
Müsavat başqanının müavini Gülağa Aslanlı da bildirdi ki, təmsil etdiyi partiyanın mitinq üzrə Təşkilat Komitəsi bu istiqamətdə artıq bir neçə tədbir keçirib. Ictimai Palatanın da aksiyaya hazırlığının tam sürətlə davam etdiyini deyən G.Aslanlı vurğuladı ki, təşkilatın regional şöbələrində üzvlərin aksiyaya səfərbər olunması prosesi gedir.
G.Aslanlı da hesab edir ki, Ictimai Palatanın aksiyası izdihamlı olacaq: “Meriyaya ünvanladığımız məktubda da qeyd etmişik ki, aksiyamızda ən azı, on min nəfərin iştirakı gözlənilir. Biz gücümüzə inanırıq. Cəmiyyətdə hakimiyyətdən narazılıq da göz önündədir”.
Diqqəti mitinq hazırlığına yönəltdiklərini deyən G.Aslanlı da vurğuladı ki, meriya qanunla tələb olunan müddətdə Ictimai Palataya cavab verməsə, hüquqi müstəvidə bununla bağlı tədbir görüləcək. G.Aslanlının sözlərinə görə, Bakı şəhər Icra Hakimiyyəti aksiyaya icazə verməsə, o zaman aprelin 8-də meriyanın qarşısında piket keçiriləcək.
Hikmət