Aclıq edənlər bu aksiyadan yararlanmaq istəyən məmurlara mesaj göndərdi
Masallı Ziyalıları Ictimai Birliyi rayonda başlatdığı ölüm aclığını dayandırıb. Bu barədə birliyin yaydığı bəyanatda bildirilir. Bəyanatda deyilir: “Biz aksiya keçirən Masallı ziyalıları və ictimaiyyət nümayəndələri respublikada fəaliyyət göstərən insan hüquqları təşkilatlarının, ictimai xadimlərin, millət vəkili Elmira xanımın tövsiyəsini, rayonun çoxsaylı ziyalıları və ağsaqqallarının, yaxınlarımızın, ailə üzvlərimizin həyatımız üçün yaranan çox ciddi təhlükədən narahatlıqları ilə əlaqədar təkidli müraciətlərini nəzərə alaraq aksiyanı dayandırmaq qərarına gəlmişik. Biz hesab edirik ki, keçirdiyimiz ölüm aclığı aksiyasının yerli və beynəlxalq ictimaiyyətə, ölkə rəhbərliyinə çatdırılması istiqamətində görülən işlər qənaətbəxşdir.
Bizlərə aksiya zamanı hərtərəfli dəstək olan respublikamızın, rayonumuzun bütün ağsaqqallarına, ziyalılarına, gənclərinə, siyasi mövqeyindən asılı olmayaraq siyasi və ictimai təşkilatlara xüsusilə aksiyanı obyektiv işıqlandıran müstəqil mətbuata, informasiya agentliklərinə, televiziya kanallarına, saytlara öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.
Bəyanat müəllifləri həmçinin bildirib ki, aksiya hər hansı şəxsin maraqlarına xidmət etməyib. Sadəcə aclıq edənlər ölkə ictimaiyyətinin diqqətini icra başçısı Qəzənfər Ağayevin qanunsuz əməllərinə cəlb etmək istəyib.”Bizlərin tələblərindən, mübarizəsindən öz şəxsi maraqları, ambisiyaları, düşmənçilikləri, rəhbərlikdə mövqe qazanmaq üçün istifadə etməyə cəhd göstərmək istəyən, hansı ranqda olmalarından asılı olmayaraq dövlət məmurlarına üz tutaraq deyirik, bizim tələblərimizə, mübarizəmizə ləkə gətirməyin!
Sizlərin intriqalarınızın bizlərə heç bir aidiyyəti yoxdur!
Allahınız, vicdanınız, şərəfiniz, ləyaqətiniz olsun”.
Xatırladaq ki, Masallı Ziyalıları Ictimai Birliyi martın 27-dən ölüm aclığına başlayıb. Aksiya iştirakçılarının bu addımlarını Qəzənfər Ağayevin rayonda yaratdığı dözülməz vəziyyətlə əlaqələndiriblər.