Maliyyə Nazirliyinin dərman alınması üçün ayırdığı 2 mln. manat hara xərclənib?
Gəncədə 3 aydır ki, şəkərli diabet xəstələrə dərman preparatı verilmir. Məhz bu səbəbdən də yüzlərlə xəstə Kəpəz rayonunun A.Səhhət adına 6 saylı poliklinikasının baş həkimi Abuzər Mustafayevin otağının qarşısında toplaşaraq etiraz aksiyası keçirməyə qərar verməli olublar.
Şəkərli diabet xəstəsi Məhəmməd Quliyev “Azadlıq”a bildirib ki, əvəllər onlara dərmanları Endokrinoloji xəstəxananın nəzdindəki poliklinika verirmiş. Sonra Gəncə şəhər səhiyyə idarəsinin rəisi Mehman Rzayevin əmri əsasında həmin poliklinikanın fəaliyyəti ləğv olunub. Xidmət növü A.Səhhət adına 6 saylı poliklinikaya verilib. Həmin vaxtdan 3 ay keçsə də bu günə kimi xəstələrə ayrılan dərman preparatları verilmir. Məhəmməd Quliyevin sözlərinə görə, dəfələrlə Gəncə səhiyyə idarəsinin rəisi Mehman Rzayevin qəbulunda olsa da, hər dəfə bir bəhanə gətirir: “Gah deyir ki, Maliyyə Nazirliyindən vəsait ayrılmayıb, gah da deyir ki, büdcəni nazirlik təsdiq etmir”. Nəhayət, bu get-gəldən sonra təngə gələn Məhəmməd Quliyev Maliyyə Nazirliyində qəbulda olur. Nazirliyin Natiq adlı rəsmisi bildirib ki, Gəncə şəhərinə 2 mln. manat ayrılıb ki, şəkərli diabet xəstələrinə dərman alınıb verilsin.
Adının çəkilməsini istəməyən bir xəstə isə bildirib ki, səhiyyə idarəsinin rəisi Mehman Rzayevə təzyiq olunaraq ayrılan vəsaiti təmir-tikinti adı altında onun əlindən alıblar. A.Səhhət adına 6 saylı poliklinikanın baş həkimi Abuzər Mustafayev isə xəstələrə vəd verməklə, günü günə calayıb. Nəhayət, dünən limit bitib və xəstələr ayağa qalxıb. Baş həkimin kabinetinin qarşısına toplaşan xəstələr onu otaqdan bayıra buraxmayıblar. Xəstələr tələb edib ki, Mehman Rzayev gəlib dərman üçün ayrılan pulların hara xərcləndiyini açıqlasın.
Ərşad