Ölkə başçısının Ermənistanın işğalçılığını təsvir etməsi onların xoşuna gəlməyib
Avronest Parlament Assambleyasının Bakıda keçirilən sessiyasına qatılan erməni deputatlar Azərbaycan prezidenti İlham Əliyevin çıxışına etiraz ediblər.
“Media forum” saytı xəbər verir ki, Ermənistan nümayəndə heyətinin rəhbəri Vaan Ovannisyan sessiyada söz alaraq assambleyanın bürosuna şikayət etdiklərini deyib: “Biz Bakıda problemlə qarşılaşacağımızı təxmin edirdik. Bu gün həmin hadisə baş verdi. Azərbaycan rəsmisi mənim ölkəmi faşist dövləti adlandırdı. Bu, yolverilməzdir və biz artıq Avronest Parlament Assambleyasının bürosuna şikayət məktubu göndərmişik”.
Erməni nümayəndə heyətinin digər üzvləri Naira Zöhrabyan və Lilit Qalstyan da Azərbaycan prezidentinin çıxışına etiraz ediblər.
Naira Zöhrabyan bildirib ki, Avronest etimad müstəvisidir, Azərbaycan prezidentinin çıxışı isə burada ziddiyyət və parçalanma yaradır.
Lilit Qalstyan Avronest Parlament Assambleyasında toplaşanların eyni dəyərləri bölüşdüyünü vurğulayıb və dövlət başçısının çıxışına etiraz edib: “Rütbəsindən asılı olmayaraq heç kimin bir dövlət haqqında belə ifadələr işlətməsi ilə barışa bilmərik”.
Sessiyada söz alan azərbaycanlı deputatlar Fuad Muradov və Məlahət İbrahimqızı erməni deputatların etirazlarını cavablandırıblar.
Fuad Muradov parlamentarları emosiyalara uymamağa və kimsənin sessiyanın işini pozmasına imkan verməməyə çağırıb. İlham Əliyevin çıxışına toxunan Fuad Muradov deyib ki, Azərbaycan prezidenti məkanından asılı olmayaraq çıxışlarında həmişə eyni mövqeni sərgiləyir.
Məlahət İbrahimqızı isə erməni deputatlara işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən beynəlxalq sənədləri – BMT-nin qətnamələrini, ATƏT-in və Avropa Şurası Parlament Assambleyasının qərarlarını diqqətlə oxumağı məsləhət görüb. O qeyd edib ki, Azərbaycan prezidenti bu çərçivədən kənar heç nə demir.
Aprelin 3-də Bakıda, Milli Məclisin binasında Avronest Parlament Assambleyasının ikinci sessiyasının rəsmi açılış mərasimində çıxış edən prezident İlham Əliyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın yeganə problemidir. O deyib ki, 300 minə yaxın azərbaycanlı Ermənistandan, 700 mindən artıq azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf rayonlardan qovulub, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə baxmayaraq, Ermənistan işğal etdiyi ərazilərdən çıxmaq istəmir. İşğal edilən torpaqlarda hər şey yerlə-yeksan olunub, məscidlər və qəbiristanlıqlar dağıdılıb və bütün bunlar ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarında da əksini tapıb. Ermənilər Xocalıda aralarında qadın və uşaqların da olduğu 613 dinc azərbaycanlını qətlə yetiriblər.
Prezident İlham Əliyev deyib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalı, BMT-nin qətnamələri yerinə yetirilməli, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar.