Azərbaycan xalqının dostları

“Mən Qazax polisinin sabiq zabitlərindən birini tanıyırdım ki, Heydər Əliyevə öz qanı ilə 30-dan artıq məktub yollamış, amma onların heç birinə cavab almamışdı…”.
Və daha bir sitat:
“… dəqiq yadımdadır ki, 1993-cü il dekabr ayının 29-da o, (H.Əliyev – P.) məndən tələb etdi ki, hərbi əməliyyatları dayandırım, çünki bunu Petrosyan xahiş edir”.
Bu cümlələr Azərbaycan Milli Ordusunun sabiq korpus komandiri, hazırda mühacir həyatı yaşayan Isa Sadıqovun Azərbaycanın yaxın keçmişində baş verən, üstü bağlı tarixi olaylar barədə qələmə aldığı silsilə yazıdan götürülüb. Və bunu xüsusi vurğulamaq gərəkir: bu fikirlər aprelin 1-də Istanbulda keçirilən Suriya Xalqının Dostları Qrupunun ikinci konfransında müxalif qrupların formalaşdırdığı Suriya Milli Şurasının xalqın legitim təmsilçilərindən biri kimi tanındığı toplantıya Suriya Xalqının Dostları Qrupunun üzvü sifətilə və Bəşər Əsəd rejiminin əleyhdarlarından biri kimi qoşulan YAP hakimiyyətinin mahiyyəti haqqında deyilib. Yeri gəlmişkən, bu toplantının yekun sənədini Bəşər Əsədin “ölüm hökmü” kimi də dəyərləndirmək mümkündü.
Ümumiyyətlə, hansısa avtoritar dövlətin, diktatura yolu tutmuş korrupsioner, anti-xalq hakimiyyətin başqa bir xalqın dostu kimi çıxış eləməsindən absurd ikinci bir şeyi təsəvvür eləmək olmazın dərəcədə çətindi və yəqin ki, qətiyyən mümkün deyil. Yəni, öz xalqının, vətəndaşlarının bütün doğal hüquqlarını qəsb etmiş, onlara qarşı gözlə görünən və görünməyən bütün cəbhələrdə savaş açmış yağı bir hakimiyyət eynən öz xalqının qara günündə olan başqa bir xalqın dostu ola bilərmi? Sən həmin o yad xalqın dostu qismində çıxış eləyib, elə özün kimi bir rejimə hansı haqla dərs verə, ona qarşı çıxa bilərsən?
Axı sən nə zaman öz xalqının dostu oldun ki, indi də başqa xalqların qoruyucu mələyi kimi çıxış eləyirsən?
Bu beynəlxalq aləmin də qurnazlığından heç olmaz. Hətta öz xalqına yağı kəsilən tipləri də başqa xalqın dostu kimi konfransa dəvət edir. Onda öz sabahlarına, hakimiyyətlərini qoruyub saxlayacaqlarına ümid yaradır, ürəkləndirir. Və bundan ürəklənən həmin rejimlər bundan sonra öz xalqına daha böyük inamla zülm eləməkdə, korrupsiyanın miqyasını artırmaqda, insan azadlıqlarını azaltmaqda daha ilhamla davam etdirir, hardasa daha da möhkəmlənirlər. Halbuki, bu konfransa dəvət edilənlərin içində adı sabah taxtdan salınacaq rejimlərin öz adları var. Onlar da öz növbələrində bu tip konfranslara qatılmaqla Bəşər Əsədlərin gününə düşməyəcəkləri illüziyasına qapılır, daha da azğınlaşırlar. Yazıqlar olsun o xalqın azadlıq savaşına ki, onları azadlığa qənim olan rejimlər müdafiə edir.
Bəşər Əsədin fatihəsinin oxunduğu, qələminin qırıldığı kimsəyə sirr deyil. Hətta bizim eyni tipli hakimiyyət də Suriya prosesinin ilk stadiyalarında Suriya tərəfdarı kimi çıxış eləyirdi; bundan əvvəl beynəlxalq səviyyədə olmasa da, hakimiyyətin danışan dilləri sifətində Hüsnü Mübarəki, Salehini, Bin Əlini, Qəzzafini eyni havayla müdafiə eləyir, necə deyərlər, “tərəqqipərvər beynəlxalq aləmə” nifrinlər yağdırırdılar. Indi isə onlar Bəşər Əsədə qarşı Suriya Xalqının Dostları Qrupunda yer alırlar.
Zənnimcə, heç kimdə bu da şübhə oyatmamalıdı ki, bir gün “Azərbaycan Xalqının Dostları” adında da bir qrup yaranacaq. Bu qrupun yaranması üçün heç də 3 min, 30 min vətəndaşın qətl edilməsinə gərək yoxdu. Hörmətli Sadıqovun yazdığı bu fakt bəs eləyir – 30 dəfə damarlarını çərtib qanıyla rejim başçısına məktub yazmaq və heç bir cavab almamaq. Bu dəhşət nə Markesin məktub gözləyən Polkovnikinin, nə də belə məktubları cavabsız qoyan Patriarxının ağlına gələ bilərdi…