Gürcüstan prezidenti M.Saakaşvilinin bizim antimilli Məclisdəki çıxışının ardınca necə fırtına qopduğu yaddadır. Fəzail Ağamalı başda olmaqla Saakaşvili üzərinə yürüş başlamışdı. Saakaşvili Qafqazı işğal siyasətindən əl çəkməyən Rusiya ilə bağlı gerçəyi dilə gətirdiyinə görə. Fəzail başda olmaqla əliyevçi rejim qulluqçuları cin atına minmişdilər. Onların qaraqışqırığından çıxan bu idi: Rusiyanın adını yamanlığa çəkənin başını əzərik! Onların dediyinə görə, Rusiya bizim dostumuz, qardaşımız imiş – iki yüz ildən bəri Azərbaycan torpaqlarını parça-parça eləyən, Azərbaycan torpaqlarında “Ermənistan” yaradan Rusiya!
Əliyevlər hakimiyyətinin çoxsaylı korrupsiya faktları ilə bağlı superdövlət olaraq tanınan ABŞ-da yazı çıxır. Əliyevlərin “dövlət” qəzeti adlandırdıqları “Azərbaycan” başda olmaqla hakimiyyətyönlü qəzetlər ABŞ prezidentinin özünü, xanımını gözdən salmağa yönəlmiş yazılar verməkdən çəkinmir. Avropanın ən güclü, eləcə də ən perspektivli dövləti olan Almaniya Əliyevlər hakimiyyətindən Azərbaycan xalqı üçün demokratiya istədiyinə görə, yenə F.Ağamalı kimiləri, eləcə də sözü gedən qəzetlər Almaniya üzərinə yürüşə qalxırlar. Ancaq… Rusiya KIV-lərində illərlə antiAzərbaycan çıxışları olur, bunlar susurlar – əliyevçi antiAzərbaycan hakimiyyətini Rusiya qurduğuna, arxasında Rusiya durduğuna görə! Özəl qazancları üçün bircə Qarabağı deyil, bütün ölkəni Rusiyanın işğal zonasına çevirməkdən çəkinməyəcək bu dönüklər yığını başqalarını görün nədə suçlayır: “Onlarda milli təəssüb hissi deyilən şey yoxdur”.
Bunlar Rusiyaya yalnız hakimiyyətlərinin arxa-dayağı deyil, eləcə də özlərinin başlıca sığınacaq, oğurladıqlarının baçlıca saxlanc yeri olaraq baxırlar. Buna görə Rusiya ilə bağlı nə varsa hamısına toxunulmazlıq xarakteri verməyə çalışırlar. Bir daha vurğulamaq gərəkir: Rusiya mass-mediasında illərlə antiAzərbaycan çıxışları olur, bunlar susurlar. O çıxışların arxasında başlıca olaraq ermənilər-ermənilik durur. Ermənilər-ermənilik Rusiya mass-mediasında ardıcıl olaraq Azərbaycana qarşı informasiya savaşı aparır, bu savaş illərlə eləcə qarşılıqsız qalır. Bu savaşın ən yumşaq örnəklərindən birini “Literaturnaya qazeta”nın son saylarından birində görürük. Bir erməni filmindən danışılan yazıda deyilir: “Yeri gəlmişkən, Rusiyada Dağlıq Qarabağ ermənilərinin rus dilini, ədəbiyyatını sevdiklərini bilmirlər, Ermənistanın özündə isə çoxlu sayda rus əskiinanclıları yaşayır”. Bu tekst sözü gedən yazının ideyası ilə azacıq da olsa uyuşmur, ancaq erməniyə belə gərək olduğundan, yazının ortasına dürtüşdürülüb.
“Komsomolskaya pravda” qəzeti “V Azerbaydcane”. Bu qəzetin 28 fevral-5 mart sayında SSRI-nin sonuncu müdafiə naziri marşal Dmitri Yazovla intervü verilib. Yazovun özünün bildirdiyinə görə, 1991-ci il Vilnüs olayları ilə bağlı öldürülmüş 13 litvalıdan yana Litvada ona, eləcə də onunla birgə bir qrup adama cinayət işi açılıb, onlar Interpolla axtarışa veriliblər. Buna görə marşal Yazov başda olmaqla bu adamlar tutulacaqlarından qorxaraq Rusiyadan qırağa çıxa bilmirlər. 1990-cı ilin 20 Yanvarında, eləcə də ondan sonra Azərbaycanda böyük qırğın törətmiş Yazov həyasızcasına yalana əl ataraq burada azərbaycanlıların özlərinə güllə atdıqlarını, özlərini öldürdüklərini bildirir. Yazov arxayındir: nə deyir desin, Azərbaycana düşmən əliyevçi hakimiyyətin onunla işi olmayacaq; axı, bu hakimiyyətin qurulmasında 20 Yanvar qırğını bir sıra bu kimi başqa olaylarla yanaşı tramplin rolunu oynayıb!
20 Yanvar qırğınından azacıq sonra Yazov “Svoboda” radiosuna demişdi: “Biz Bakıya AXC-nin strukturlarını dağıtmaq üçün qoşun çəkmişdik”. Qəzetə dediklərindən göründüyünə görə, az qala 100 minlik qoşunla, erməni rezervistlərini araya soxmaqla Yazov Azərbaycana elə-belə, gəzmək üçün gəlibmiş…

Ah, bu hökumətsiz xalq!..
•