Vicdanın məhbəsə salındığı gün

Azərbaycanın yaxın tarixi üçün əlamətdar bir hadisənin – “2 aprel”in bir ili tamamlanır. Bir il əvvəl minlərlə insan Ictimai Palatanın çağırışına qoşularaq, Bakıda dinc aksiyaya çıxdı. Bu, ərəb dünyasında başlanan dəyişiklik hərəkatına Azərbaycanın fəal kəsiminin verdiyi təbii reaksiya idi.
Illərdir aparılan repressiyalardan, uzun sürən depressiyadan sonra cəmiyyətdən bu qədər təpkinin olması hakimiyyəti çaşdırdı. Həmin gün və sonra aksiyaçılara qarşı sərt cəzalar o çaşqınlığın nəticəsindən yarandı.

“Ədalətsiz cəmiyyətdə vicdanlı adamın yeri həbsxanadır” (H.Torro)

2 apreldən sonra müxalifət düşərgəsi 16 vicdan məhbusu verdi. Onlardan 2-i azadlığa qovuşub, qalanları isə hələ də günahsız yerə cəza çəkirlər. Mütərəqqi dünya onları “vicdan məhbusu” kimi tanıyır. Azərbaycan tarixi heç vaxt “vicdan məhbusları” sarıdan bu qədər zəngin olmayıb. O insanlar Azərbaycanda vicdanın ölmədiyinə, ayaqda qaldığına və mübarizə apardığına ən böyük abidədirlər.

Seçilmişlər

“2 aprel” məhbuslarının məhkəmədə ittihamedici mövqedən çıxış etməsi isə Azərbaycanın siyasi tarixinin yeni paraqrafıdır. Bir dəfə AXCP sədri Əli Kərimli vicdan məhbuslarının məhkəməsini təhlil edərkən demişdi ki, hakimiyyət o prosesə ən güclü müstəntiqlərini, hakimlərini çıxardı, müxalifətdən tutulanların isə heç də hamısı bitkin siyasətçilər, liderlər deyildi. Buna baxmayaraq, hakimiyyət hüquq davasında vicdan məhbusları qarşısında sarsıdıcı məğlubiyyətə uğradı. Vicdan məhbuslarının məhkəmədə, əslində isə şərin qarşısında mətanətli davranışı siyasi irsimiz üçün zəngin material oldu.

Qələbənin ilk addımı “2 aprel”dir

“2 aprel” aksiyası hakimiyyət üçün bəlkə də qısa müddətə uduş sayıla bilər. Çünki o aksiya qarşıya qoyulan məqsədlərə yetməyə kifayət etmədi; Ictimai Palata bu aksiyaya qərar verəndə onu köklü dəyişikliklər üçün atılan ilk addım kimi qiymətləndirmişdi. Lakin həbslər və təşkilati imkanların yetməməsi “2 aprel”i üzü enişə apardı. Buna baxmayaraq, “2 aprel” mahiyyət ehtibarilə özündən əvvəlki aksiyaların hamısından fərqlənməyi bacardı. Aksiyanın müsbət aurası, iştirakçıların əzmi bu günə qədər etirazçı kəsimi təqib edir. O aksiyanın enerjisi təqib və təzyiqlərin şiddətləndiyi sonrakı günlərdə etirazçı ruhun sönməsinə imkan vermədi. Müxalifət heç vaxt keçənilki kimi tez reabilitasiya olmamışdı.
“2 aprel”dən sonra hökumət bütün qüvvəsi ilə hücuma keçsə də, sanki daş qayaya rast gəldi: “2 aprel”dən sonra nə dönüklər tapıldı, nə də təslimçilər.
“2 aprel” qələbənin ilk və ağır addımıdır. Ox yaydan 2 apreldə çıxıb, onun hədəfə dəyəcəyi mütləqdir.

“Azadlıq”