Sabirabadda növbəti etiraz

Azadkənd və Poladtoğay kəndinin sakinləri rayon mərkəzinə yürüş etdi
 
Bu gün səhər saatlarında Sabirabadın Səlyana yaxın ən ucqar kəndləri Azadkənd və Poladtoğayın 300-dək sakini sosial problemlərə etiraz əlaməti olaraq aksiya keçirib. Kənd sakinləri kəndlərdən rayon mərkəzinə doğru yürüş ediblər. Polislər onların bəzilərini saxlaya bilsə də, 100-150 nəfərlik etirazçı qrup Sabirabad icra hakimiyyətinin binası qarşısına toplaşa bilib. Etirazçıların tələblərini dinləmək üçün icra hakimiyyətinin başçısı Nazim İsmayılov onları qəbul edib.
 
Etirazçı kənd sakinləri sosial problemlər, ötən il baş vermiş daşqınlar zamanı dəymiş ziyanın aradan qaldırılması məqsədiylə ödənilən kompensasiyanın ədalətsiz bölgüsünə narazılıqlarını bildiriblər. Kənd sakinləri işsizlik, sosial problemlərlə yanaşı kəndlərə gedən yolların bərbad olmasından da şikaəyətləniblər. Azadkənd və Poladtoğay sakinləri kəndlərin rayon mərkəzindən uzaq olmasını, mövcud problemlərin həllində çətinliklər yarandığını əsasə gətirərək bu kəndlərin Sabirabad rayonundan alınaraq Səlyan rayonunun ərazisinə daxil edilməsi tələbini qaldırıblar. Şikayətləri dinləyən icra başçısı onların etirazlarını dəyərləndirmək üçün sakinlərdən 3 gün vaxt istəyib.
 
azadliq.info