Prezident plagiatlığa görə istefa verdi

Macarıstan prezidenti Pal Schmitt doktorluq dissertasiyasının müdafiəsi ətrafında yaranan qalmaqala görə istefa verib. Bundan əvvəl Budapeşt Universiteti prezidentin 1992-ci ildə yazdığı doktorluq işinin əsas hissəsini bir başqasının kitabından köçürməsi barədə iddiaları haqlı saymış və dövlət başçısını aldığı elmi tituldan məhrum etmişdi.

69 yaşlı Schmitt qılıncoynatma üzrə olimpiya çempionudur. Onun elmi işi olimpiya oyunları haqdadır.

Plagiatlığın təsdiqləndiyi rəydə deyilir ki, prezidentin 215 səhifəlik doktorluq işinin 200 səhifəsi ya başqa elmi işlərlə “qismən oxşarlığa malikdir, ya da sözbəsöz tərcümədir”.

Prezident son günlərə qədər plaguatlıq iddialarını rədd edirdi. Müxalifətsə prezidenti dərhal istefa verməyə çağırırdı.

Pal Schmitt 2010-cu ildə prezident seçilib.

Ölkə konstitusiyasına görə Macarıstanda prezident simvolik xarakter daşıyır (“Azadlıq” radiosu).