Fransalı sirk ustasını Bakıda aldadıblar

Frederik Rosul: “Artıq Avropada bir çox sirklərdə bilirlər ki, Azərbaycanda mənim başıma belə bir iş gəlib və onlar Bakıdan gələn təkliflərə daha ehtiyatla yanaşacaqlar”

Dünyanın bir çox ölkələrində çıxış edən şir və pələng təlimçisini Azərbaycana gəlməyə peşman ediblər.
Fransadan olan şir və pələng təlimçisi Frederik Rosel Bakıya çıxışlar üçün dəvət olunduğunu, lakin sonradan aldadılıb, pulunu ala bilməməyindən şikayətlidir.
Gün.az xəbər verir ki, F.Roles Bakıya dəvət edən “Fantaziya” şirkətinin ona 40 min dollara yaxın borclu olduğunu, lakin şirkət rəhbərlərinin bu pulu ona vermək istəmədiklərini bildirir: “Mən Ukraynada çıxış edirdim. Bu zaman mənə iki təklif oldu – Moldovadan və Azərbaycandan. Sonuncu təklif daha cəlbedici idi və ona görə mən bura gəlməyə qərar verdim. Lakin gəlməyimə artıq peşmanam, çünki təşkilatçılar mənə vəd olunan pulu vermək istəmirlər və min cür bəhanə ilə bundan boyun qaçırırlar”.
Bakının müxtəlif yerlərində əhliləşdirdiyi 16 şir və bir pələnglə çıxış etdiyi deyən F.Roselin sözlərinə görə, ilk vaxtlar işlər pis getməyib: “Lakin sonra sərt qış başladı və təşkilatçılar bildirdilər ki, hava ilə əlaqədar tamaşalar baş tutmadığından maliyyə problemləri yaşanır”.
Fransız sirk ustasının sözlərinə görə, təşkilatçılar nəinki maddi məsələləri, heç ölkədə fəaliyyət göstərmək üçün qanunla bağlı problemləri də həll etmək istəmirlər: “Bir müddət əvvəl vizanın müddəti bitdi. Şirkətin rəhbərliyi sənədlərimi alıb, söz verdi ki,müddətin uzadılması ilə bağlı müvafiq orqanlarla əlaqə saxlayacaqlar. Lakin az sonra mən öyrəndim ki, onlar heç bir iş görməyiblər.
Hazırda Fransanın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıram və yalnız onlardan dəstək alıram. Onlar olmasaydı, mənim Bakıdakı taleyimin necə olacağı qeyri-müəyyən idi.
Biz nəsillikcə vəhşi heyvanların əhilləşdirilməsi ilə məşğul oluruq. Bunun tarixi XVIII əsrə gedib çıxır. Mənim özümü atam şirlər olan qəfəsə ilk dəfə salanda 10 yaşım var idi. Nə mənim nəslimdə, nə də şəxsən özümdə tarix boyu analoji problem olmayıb. Artıq Avropada bir çox sirklərdə bilirlər ki, Azərbaycanda mənim başıma belə bir iş gəlib və onlar da özləri üçün bu hadisədən müəyyən nəticələr çıxararaq, Bakıdan gələn növbəti təkliflərə daha ehtiyatla yanaşacaqlar”.
Pulunu almayınca burdan getməyəcəyini söyləyən F.Rosel polisdən onun və heyvanların təhlükəsizliyini qorumaq üçün xahiş etdiyini bildirib.
Qeyd edək ki, F.Rosel öz şirləri və pələngi ilə Qələbə meydanı yaxınlığında meydançada yerləşib.