Finlandiyalı nazir müxalifət liderləriylə görüşdü

Xarici işlər naziri ilə görüşdə hüquq müdafiəçiləri də iştirak edib
 
Ölkəmizdə səfərdə olan Finlandiyanın xarici işlər naziri Erkki Tuomioyan müxalifət liderləri və hüquq müdafiəçiləri ilə görüşüb. Görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, hüquq müdafiəçiləri Leyla Yunus, Novella Cəfəroğlu, Səidə Qocamanlı və Arif Yunus iştirak edib. “Azadlıq”a məlumat verən AXCP sədri Əli Kərimlinin sözlərinə görə, Finlandiyanın xarici işlər naziri və onun başçılıq etdiyi nümayəndə heyətiylə görüşdə Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət, insan haqlarının durumu, siyasi məhbuslar, son həbslər və başqa məsələlər müzakirə olunub.
 
Əli Kərimli bildirib ki, ölkəmizdə korrupsiyanın geniş yayılması, qanunun aliliyinin qorunmaması, məhkəmə hakimiyyətinin müstəqil olmaması da müzakirə predmeti olub. Azərbaycanda hakimiyyətin bir ailənin əlində cəmləşməsi, iqtisadiyyatın yalnız neftdən asılılığı da görüş zamanı müzakirə olunub. AXCP sədri bildirib ki, görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, onun atdığı addımlar da xatırlanıb. Bunlarla yanaşı ölkəmizin Avropaya inteqrasiya məsələsi, Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsi də görüş zamanı münazikə olunub. 
 
Nazirin diqqətinə çatdırılıb ki, Avropa Birliyi, Avropa Şurası, ATƏT qarşısında könüllü şəkildə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün Azərbaycan hakimiyyətinə təzyiqlər arıtırılmalıdır.
 
azadliq.info