AXCP sədrinin həbs edilən qaynı ilə bağlı daha bir bəyanat

Siyasi Azadlıqları Müdafiəsi Alyansı Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin qohumu Elnur Seyidovun həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşları tərəfindən saxlanılması, iki gün sonra isə Səbail Rayon Məhkəməsinin onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçməsinə münasibət bildirilir.

Seyidovun AXCP sədri Əli Kərimlinin yaxın qohumu olması, ancaq heç bir siyasi partiyanın üzvü olmadığının vurğulandığı bəyanatda qeyd olunur ki, onun saxılanılması zamanı ciddi qanun pozuntularına yol verilib: “O saxlanılarkən ailə üzvləri və vəkilləri ilə əlaqə saxlanmasına şərait yaradılmayıb, həmçinin ona hüquq və vəzifələri elan olunmayıb və vəkillə də təmin edilməyib. Seyidovun həmçinin iqtisadi xarakterli cinayətlərdə ittiham olunmasına baxmayaraq, MTN-nin təcridxanasında saxlanılması anlaşılan deyil. Bununla bağlı qeyd edək ki, ailə üzvləri Seyidovun ağır xəstəlikədn son illər müalicə olunduğunu bildiriblər.
SAMA Seyidovun həbsi ilə bağlı baş verənlərin ciddi qanun pozuntuları ilə müşayiət olunduğunu, bu hadisənin müxalif siyasi partiya liderinə qarşı təzyiq vasitəsi olduğunu və siyasi səciyyə daşıdığını bildirərək, bu hadisəni qətiyyətlə pisləyir və hakimiyyəti öz opponentlərinə qarşı bu cür təzyiq formalarndan istifadə etməməyə çağırır. SAMA ümid edir ki, Seyidovun dərhal azadlığa buraxılması və ya onun barəsində seçilmiş həbs qərarının dəyişdirilməsi, istintaqın isə obyektiv qaydad aparılması üçün siyasi iradə nümayiş etdirləcək.