Sabiq nazir kimin sifarişilə danışıb?

Eldar Həsənov Vaqif Novruzovu rəqiblərinin danışdırığına  eyham vurdu

Sabiq baş prokuror, hazırda Rumıniyada səfir olan Eldar Həsənov sabiq daxili işlər naziri Vaqif Novruzovun ittihamlarına cavab verib. Xatırladaq ki, Vaqif Novruzov “Yeni Müsavat” qəzetinə müsahibəsində bildirmişdi ki, 1994-cü il martın 23-də eks-spiker Rəsul Quliyevin dəvətilə onun evinə gedibmiş. Həmin vaxt orada Eldar Həsənovu da görüb. Rəsul Quliyev ona deyibmiş ki, evinə toplaşanlar onun komandasıdır. O, Vaqif Novruzovdan da xahiş edibmiş ki, komandasında təmsil olunsun. Lakin sabiq daxili işlər naziri bu təklifi rədd edibmiş.
Eldar Həsənov isə “Yeni Müsavat”a müsahibəsində Vaqif Novruzovun sifarişlə belə danışdığını söyləyib: “Vaqif Novruzov kimin sözçüsüdür – o da mənə məlumdur. Amma çox uğursuz seçimdir. Ömrünün bu çağında…sifarişli mirzəlik eləmək…nə deyim, hər kəs dediyi söz qədərdir”.
Eldar Həsənov daha sonra Vaqif Novruzova etdiyi yaxşılıqlardan danışıb.
Lakin səfirin müsahibəsində bizim üçün daha çox maraq kəsb edən Vaqif Novruzovun sifarişlə danışması barədə dediyi fikirdir. Eldar Həsənov ad çəkməyib. Lakin onun hakimiyyətdəki rəqibləri bəllidir. Bu Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov, daxili işlər naziri Ramil Usubov və Konstitutisiya Məhkəməsinin hakimi Isa Nəcəfovdur.
Eldar Həsənov Fuad Ələsgərov və Ramil Usubovla hazırda Ismayıllının polis rəisi olan Nizami Qocayevin həbsinə görə düşmən olub. Fuad Ələsgərovla qohumluq əlaqələri olan Nizami Qocayev həbs olunanda DIN-də istintaq idarəsinin rəisi idi. Nizami Qocayevlə bağlı cinayət işi Respublika Prokurorluğunda aparılırdı. Və Nizami Qocayevin həbsində Eldar Həsənovun böyük rolu olub. Bununla da sabiq baş prokuror həm Fuad Ələsgərovun, həm də DIN-in nüfuzuna vurduğu zərbə ilə Ramil Usubovun hədəfinə gəldi.
Isa Nəcəfova gəlincə, Respublika Prokurorluğunda birinci müavin postu tutan bu şəxs Eldar Həsənovun yerinə keçmək üçün həmişə mübarizə aparıb.
Çox böyük ehtimalla səfir bu şəxslərdən birini nəzərdə tutur. Lakin ad çəkib problemi daha da dərinləşdirmək istəmir.