Ölkə repressiya dalğasının ortasında çalxanır. Artıq çevrəmizdə müxalif görüşlü qohumlarının, hətta qardaş və bacılarının evinin kandarına ayaq basmaqdan belə qorxanlar var. Son zamanlarda şahidi olduğum bir çox hadisələr vəziyyətin 30-cu illərlə tam kəsişdiyini ortaya qoyur…
Indi bizdə günahsız həbs yatan insanların məsələsi daha çox siyasi məqamlarla bağlıdır. Ölkədə xeyli vicdan məhbusu var. Yəni siyasi proseslərin birbaşa iştirakçısı olan məhbus dostlarımızla məsələ aydındır. Amma getdikcə situasiya dəyişir. Diqqətinizi son aylar ərzində baş verən iki qalmaqallı həbsə çəkmək istəyirəm. Bunlardan biri böyük şairimiz Əli Kərimin oğlu Orxan Kərimovun, o biri isə AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun həbsidir. Hər kəs gözəl bilir ki, siyasətlə heç bir bağlılığı olmayan bu insanlar ölkədəki ədalətsizliyin qurbanıdırlar. Orxanı “böyük balıqların qəbahətlərini” yükləmək, Elnuru isə məhz Əli Kərimliyə gözdağı vermək üçün həbs ediblər. Bu ölkədə qanun deyilən şeyin çoxdan öldürüldüyü hər kəsə aydındır. Amma qanun o yana qalsın, məsum insanları qisas hədəfinə, qurbana çevirmək günahdır axı. Belə idarəçilik, belə qisasçılıq olmaz. Bu deyilənləri bir qulağından alıb o birindən verənlərin hesabı sonda çox ağır olacaq. Inansalar da, inanmasalar da, bu belə olacaq…
30-cu illər haqqında yana-yana danışanlar, qalaq-qalaq kitab yazanlar var ki, bu günün dəhşətlərinə göz yumub keçirlər. Belələri parlamentdə, məsul vəzifələrdə oturub “qanlı-qadalı” illərdən danışır. Ağalar, o illərdə bu gündən fərqli nə baş verib ki? Heç olmasa, bir anlığa əlinizi vicdanınıza qoyub, səsinizi çıxarın. Axı siz gözəl bilirsiniz ki, indi ölkəni bu fəlakətə itəliyənlərin yanında dayananlar da sabah öz günahları ilə üz-üzə qalacaqlar…
Mənim doğulub-böyüdüyüm bölgədə 30-cu illər repressiyalarına məruz qalan nüfuzlu bir şəxs olub- Mir Sədi ağa. O, nəqşibəndilik təriqətinin yaradıcılarından olan Mir Həmzə Nigarinin soyundandır. Həmin təriqətin mürşidlərindən biri kimi sovet dövründə dəfələrlə repressiyaya uğrayıb, ömrünün 17 ilini fasilələrlə məhbəsdə keçirib. Xalq arasında,-
Məni məhbus edəni görüm aləmdə xar olsun,
Onun da könül evi mənimki tək tar-mar olsun –
misralarıyla başlayan məşhur qəzəlin müəllifidir. Yaxın zamanlarda onun haqqında yazılmış kitabda maraqlı bir fakt oxudum. Əslində, əvvəlcədən bildiyim bu həqiqətlə üzləşmək mənə böyük bir qürur verdi. Zamanında bu şəxsi həbsə atmaq üçün öyrədilmiş adamlardan istifadə ediblər. Amma öz vicdanının səsini dinləyib, o rəzaləti qəti şəkildə qəbul etməyənlər də olub. Həmin kitabda bu çirkinliyə qol qoymaqdan imtina edənlər arasında babamın da adı vardı…
Suriyada baş verənləri görürsünüz. Bəşər Əsədin sonu çatıb. O, atasından bu yana insanlara edilən zülmün hesabını verəcək… Mətbuatdan 15 il əsas olmadan Suriya zindanında yatan bir Türk vətəndaşının hekayətini oxumuşdum… Hadisə belə olub ki, Suriyayla sərhəd Hatay bölgəsində zeytun toplayan kəndli Abdulcelil Işlekyayın eşşəyi qəflətən ipini qırıb sərhədi keçib. Yeganə iş ortağı olan qiymətli heyvanın ardınca qaçan kəndli sərhədçilər tərəfindən yaxalanıb. Sorğu-sualsız 15 il həbsdə yatıb. Sünni olduğuna görə başına min cür işgəncə açılıb. Onun həbsi barədə yaxınlarına belə heç bir məlumat verilməyib. Biçarə kəndli “cəhənnəm”dən geri qayıdanda onu ölmüş bilən ailəsindən geri kimsənin qalmadığını görüb…
Bu misalları niyə çəkdim… Bütün zamanlarda baş verən repressiyaların kökündə siyasi rejimlər dayanır. Azərbaycan 20 ildən artıqdır belə bir sistemin ağrısını çəkir. Bəlkə tarix üçün 20-30 il çox böyük zaman sayılmaz, amma tarix üçün “üzləşmə”nin zamanı yoxdur, gec-tez hər kəsin hesabı sorulur əlbət…

“Məni məhbus edəni görüm aləmdə xar olsun…”
•