Bir neçə gün əvvəl əlahəzrətin bəzi MTN əməkdaşlarını təltif etdiyi barədə oxuduq. Onların arasında Akif Çovdarovun general rütbəsi alması xüsusi diqqət çəkir.
Bu adamın adı müxalifətə və tənqidçi mediaya qarşı bir çox çirkin əməliyyatlarda keçir. Ən azı, Aqil Xəlil olayında iştirakı hər kəsə bəllidir. Indi belə bir adamı ödülləndirmək nə qədər əxlaqi bir addımdır? Bir gənc jurnalistin üzərində qurulan və oynanılan çirkin ssenariyə Ilham Əliyevin münasibəti budurmu?
Ilham Əliyevin təltifetməsinin Xədicə Ismayıla qarşı şərəfsiz şantajdan az sonraya təsadüf etməsi də maraq doğurur. Əcəba, bu mükafatlandırma məhz həmin şantaja görə təşəkkür olmasın?
Indi isə Əli Kərimlinin yaxın qohumunun şərlənərək həbs edilməsi…
Bütün bunlar istər-istəməz belə bir sual doğurur: axı Ilham Əliyev nəyə arxayındır? Dünyadan demokratiya çağırışlarının artdığı, ən nüfuzlu nəşrlərin, telekanalların, təşkilatların bütün diqqətinin Azərbaycana yönəldiyi, ən sərt üslubda, ən kəskin tonda, ən açıq dildə Ilham Əliyevdən insan hüquq və azadlıqlarına sayğı, hörmət tələb edilərkən onun bu inadkarlığının, müqavimətinin səbəbi nədir? Nəyə, yaxud nələrə güvənir?
Illərdir davam edən basqıçı siyasətdən geri çəkilmək, xalqla davranışını loyallaşdırmaq, yumşaltmaq yerinə necə olur ki, hakimiyyət hər gün daha da çirkinləşir, daha da qəddarlaşır, hər gün bir az da mürtəce, hər gün bir az da zalım olur? Nədir axı bu özünəinamın, bu özündənəminliyin səbəbi?
Nə olacaq? Su Bəşər Əsədin boğazına qədər çıxmışkən, boğulmaq an məsələsinə çevrilmişkən onun hələ də dirəşməsinin, meydan oxumasının səbəbi nədirsə, Ilham Əliyevin arxayınçılığının, özünəinamının səbəbi də odur: qorxu.
Bəli, yaptokratiya qorxur. Əndişəlidir, həyəcanlıdır Ilham Əliyev. Ətrafındakıları dəyişim xofu basıb. Hakimiyyətdə hər kəs rejimin hər gün necə sürətlə çökdüyünün, atılan hər addımın necə rejimin əleyhinə çevrildiyinin, illərdən bəridir xalça altına süpürülən zibillərin bir-bir necə üzə çıxdığının, Azərbaycanın dəyişikliklərin kandarına gəldiyinin, modern, mədəni, uyğar, demokratik bir dünya ölkəsi olmaqdan başqa yol qalmadığının fərqindədir və qorxurlar.
Ona görə də bu qorxunu qorxutmaqla dəf etmək istəyirlər.
Bütün avtoritar rejimlərin təcrübəsində buna rast gəlmək mümkündür. Üstəlik, faydasız, mənasız olduğunu da bilirik.
Problem ondadır ki, deyəsən, hakimiyyətdə bunu bilmirlər.
Mübariz Əhmədoğludan niyə açıqlama alırlar?
Normal ölkədə Mübariz Əhmədoğludan açıqlama alan qəzetin oxucusu, telekanalın tamaşaçısı olmaz.
Normal ölkədə Mübariz Əhmədoğlunun şəklinin və açıqlamasının olduğu qəzetin tirajı, saytın reytinqi yerlərdə sürünər.
Normal ölkədə Mübariz Əhmədoğlunu “politoloq” kimi təqdim edən qəzetin, saytın baş redaktoruna toyda söz verməz, yasda qarşısına ehsan nemətləri düzməzlər.
Normal ölkədə Mübariz Əhmədoğlunun adının qarşısında “politoloq” yazıldığına görə ildə ən azı iki-üç həqiqi politoloq infarkt keçirər, elə bir o qədəri də siçan dərmanı içib özünü öldürər.
Amma bura normal ölkə olmadığından…
Heç bir qəzeti tiraj-miraj, heç bir saytı, telekanalı reytinq-meytinq ilgiləndirmədiyindən hər kəs Mübariz Əhmədoğlunu “politoloq” kimi təqdim də edə bilir, açıqlamalarını palaz-palaz yayımlaya da.
Amma insafən demək lazımdır: bir çox hallarda ondan açıqlama almağın çox sadə səbəbi olur. Redaktor müxbirdən hər hansı mövzuda məsələn, Zərdüşt Əlizadədən açıqlama almasını istəyir, deyək ki, Zərdüşt bəyin telefonu qapalıdır, o zaman proses üç aşağı, beş yuxarı bu ardıcıllıqla davam edir:
– Onda Vəfa Quluzadəni tap.
– Vəfa müəllim də telefonu götürmür.
– Eldar Namazova zəng elə.
– Eldar müəllim də ölkədə yoxdur.
– Taa keçib, Qabil Hüseynli ilə danış.
– O da bu mövzuda danışmaq istəmir.
– Əşşi cəhənnəm, onda götür Mübariz Əhmədoğluna zəng elə.
Düzdür, bu da Mübariz Əhmədoğludan açıqlama almağa bəraət qazandırmır, çünki madam danışdırmağa düz-əməlli adam tapmırsan, nə məcburdu, mövzunun dalına bir daş qoy getsin. Guya dünyamı dağılacaq?
Amma o da var ki, Əhmədoğludan açıqlama alanların belə, ən azı, bu “politoloq” cənabın qabında nə olduğunun yaxşı fərqinə vardığını anlamaq baxımından bu baş verənlərin özü də təsəllivericidir.

İlham Əliyev nəyə arxayındır?
•
•